Bütün xristianlar Pasxanı bu gündə QEYD EDƏCƏK

Bütün xristianlar Pasxanı bu gündə QEYD EDƏCƏK
14 Apr 2025 16:49

Pasxa xristian aləminin ən ali bayramıdır. Bu bayram xristian dini təqviminin zirvəsi hesab edilir.

Bunu açıqlamasında Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının mətbuat katibi Toral Ağayev bildirib.

O qeyd edib ki, Pasxanın nə vaxt qeyd ediləcəyi şərq və qərb ənənəsində fərqli şəkildə hesablanır.

"Amma adətən yaz fəslinin ortalarına təsadüf edir. Biz bu il Pasxanı daha böyük sevinclə qeyd edəcəyik. Çünki bütün xristian aləmi, katoliklər, pravoslavlar və protestantlar Pasxanı eyni gündə, 20 apreldə qeyd edəcək. Bayramın mahiyyəti İsa Məsihin ölümə qalib gələrək dirilməsidir. Bununla da İsa Məsih bütün bəşəriyyət üzərindəki ölüm və günah lənətini yox etmiş olur. İsa Məsih Allahın oğlu olaraq dünyaya gəlməklə insanın təbiətinə, onun bütün ağrılana, hətta ölümünə şərik olur".

Toral Ağayev deyir ki, Azərbaycanda xristianlıq həm şərq, həm də qərb ənənəsi ilə təmsil olunur:

“Bu bayramı biz azad şəkildə sevincimizi ətrafdakı sevdiklərimizlə bölüşərək qeyd edirik. Bayramın qeyd edilməsinin mərkəzindəki mərasim şənbə günündən bazar gününə keçən gecənin ibadəti dayanır. İbadət zamanı katolik kilsəsinin ənənaəsinə görə, Bibliyadan bəşəriyyətin bütün xilas tarixi oxunur, müqəddəs Messa keçirilir. Sonda təntənəli şəkildə İsa Məsihin dirilməsi bəyan edilir. İnsanlar da buna “həqiqətən dirildi” deyərək cavab verirlər. Bu bizim imanımızın əsasıdır, xristianlığın əsası məhz İsa Məsihin dirilməsinə imandır”.

T.Ağayev qeyd edib ki, mərasim zamanı kilsələr hər zaman dolur, hətta yer çatışmazlığı yaşanır:

“Çünki həm xristianlar, iştirak edir və bir-birinin qonağı olur, eyni zamanda müsəlman bacı-qardaşlarımız da bizimlə bu bayramın sevincini paylaşmaq üçün kilsələrə gəlirlər. Ona görə də bütün kilsələr Pasxa bayamı ibadətlərində dolu olur”.


Sizin reklam burada
Sizin reklam burada