"Uşağın sağlam böyüməsi üçün onun qardaşları, bacıları olmalıdır"- Filosofdan açıqlama

"Uşağın sağlam böyüməsi üçün onun qardaşları, bacıları olmalıdır"- Filosofdan açıqlama
29 Mar 2025 15:55

"Uşağın sağlam böyüməsi üçün onun qardaşları, bacıları olmalıdır. İndi ailələr çox kiçik olur. Bir uşaq, iki uşaq. Uşaqlar normal böyüyə bilirlərmi? Bilirsinizmi, bunu çox adam deyir – ananın içində hədsiz dərəcədə böyük sevgi var. Qadın sevgi dolu bir varlıqdır. Yol boyu gedərkən itlərə, pişiklərə, qonşu uşaqlarına belə sevgi bəxş edə bilər. Allah onu belə yaradıb, onun içində çox sevgi var."

Filosof Müşfiq Ötgün bu sözləri News365.az-a açıqlamasında deyib. 

"Təsəvvür edin ki, əvvəllər bu ananın doqquz-on uşağı olurdu, indi isə bir-iki uşağı var. Bütün sevgisini həmin bir-iki uşağın üzərinə yönəldir. Atalar da bütün sevgisini tək-tük uşağa yönəldirlər. Belə olanda uşaq eqoist böyüyür. Uşaq sağlam böyüyürmü? Qardaşlar, bacılar olmalıdır.

İndi iqtisadi məsələlərə çox önəm verirlər. Deyirlər ki, uşağın ayrıca otağı olmalıdır. Nə olardı ki, vaxtilə bir yorğan altında beş-altı uşaq yatırdı? O uşaqlar bədbəxt idilərmi? Ya qardaşının pencəyini, şalvarını geyinən uşaqlar bədbəxt idilərmi? Bu, ailəyə yanlış yanaşmadır.

Psixologiya bununla bağlı kifayət qədər ciddi səbəblər gətirir. Məsələn, ailədə 10-15 uşaq olanda valideynlər sevgini bərabər bölüşdürə bilmirlər. Hansının başına sığal çəksinlər? Kimə üstünlük versinlər? Təbii ki, valideynlər bunu bilərəkdən etmir, amma uşaqlarda travma yarana bilər.

Bununla bağlı kifayət qədər materiallar mövcuddur.

Müasir psixologiyanı rahatlıqla bir kənara ata bilərəm. Mən başqa bir psixologiyadan danışıram – minilliklərin psixologiyasından. Minilliklərin sınağından keçmiş bir psixologiya var, bir də müasir psixologiya. Müasir psixologiya insanı inandırmağa çalışır ki, haqlıdır.

Məsələn, uşaqların əmiləri, xalaları olmalıdır. Qonaqlar gəlib-getməlidir. Uşaqlar belə bir mühitdə böyüməlidir. Bizim həyatımız elə olub ki, indi uşaq qonaq gələndə sıxılır. Uşaq normal tərbiyə ala bilərmi? Əmilərin, dayıların, nənələrin, babaların olduğu böyük bir ailə içində böyüyən insan həmişə özünü bir məsuliyyət içində hiss edir. İndi isə bu məsuliyyət yoxdur. İnsan köksüzdür, ot kimidir. Tamaşada da deyildiyi kimi: “Ot deyiləm ki, yerdən bitəm!”


Sizin reklam burada
Sizin reklam burada