Yay aylarında yüksək temperatur mətbəxdə zibil qabından yayılan xoşagəlməz qoxunun daha tez artmasına səbəb olur.
News365.az xəbər verir ki, xüsusilə qida tullantıları olan zibil torbaları qısa müddətdə ağır qoxu yarada, milçəkləri də cəlb edə bilər. Bunun qarşısını almaq üçün evdə olan sadə vasitələrdən istifadə etmək mümkündür.
Bu məqsədlə ən asan üsullardan biri zibil torbasını yerləşdirməzdən əvvəl qabın dibinə 2-3 xörək qaşığı soda səpməkdir. Qabartma sodası zibilin yaratdığı qoxunun azalmasına və dibdə toplanan nəmin müəyyən qədər idarə olunmasına kömək edə bilər.
Lakin soda nəmləndikdə və ya zibil torbasından maye sızdıqda təsirini itirə bilər. Bu halda qabın dibi təmizlənməli, qurudulmalı və soda yenidən səpilməlidir. Torba hər dəyişdiriləndə bu addımı təkrarlamaq mümkündür.
Qoxunu azaltmaq üçün digər üsul kimi pambığa bir neçə damcı limon və ya digər ətirli yağlardan damızdırmaq da istifadə olunur. Lakin efir yağlarından istifadə edilərkən onların uşaqların və ev heyvanlarının əli çatmayan yerdə saxlanmasına diqqət edilməlidir.