News365.az xəbər verir ki, şirkətə ümumilikdə 155 378 manat məbləğində ziyan vurulub.
Araşdırmalar zamanı cinayət əməlini şirkətin üç əməkdaşının – anbardar, sürücü və fəhlənin törətdiyi müəyyən edilib. Onların hər birinə Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Məlum olub ki, əməkdaşlar müxtəlif vaxtlarda şirkətin anbarından gizli şəkildə külli miqdarda məhsul çıxarıblar. Oğurlanan mallar arasında 46 113,84 manat dəyərində 15 579 ədəd enerji içkisi, 51 040,36 manat dəyərində 2 610,76 kiloqram və 12 226,06 manat dəyərində 618,42 kiloqram kərə yağı, eləcə də ümumi dəyəri 45 997,74 manat olan müxtəlif markalı yağ məhsulları olub.
Əlimusa, Məmmədağa və Anar adlı əməkdaşların əməlləri növbəti dəfə anbardan mal çıxarmağa cəhd edərkən üzə çıxıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hər üç təqsirləndirilən şəxs barəsində hökm çıxarılıb. Onlardan biri 4 il, digəri 4 il 8 ay, üçüncüsü isə 5 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2014-cü ildə yaradılan “Sabko” MMC-nin qanuni təmsilçisi Amil Sadıqov olsa da, şirkətin direktoru Səbuhi adlı şəxsdir. Müəssisənin anbarı Bakının Nərimanov rayonu, Qarabağ küçəsində yerləşir.
Şirkət daha əvvəl də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yoxlamaları zamanı gündəmə gəlib. Belə ki, anbarda məhsulların saxlanma şəraiti ilə bağlı bir sıra nöqsanlar aşkarlanıb.