Universitetlərdə rüşvət, qohumbazlıq və hörmətsizlik – Etibar Əliyevdən sərt tənqid

Universitetlərdə rüşvət, qohumbazlıq və hörmətsizlik – Etibar Əliyevdən sərt tənqid
12:02

Təhsil eksperti Etibar Əliyev universitetlərin əsas missiyası, ali təhsil müəssisələrində mədəniyyətin formalaşdırılması və tədrisin keyfiyyəti ilə bağlı fikirlərini bölüşüb.

O, sosial şəbəkə hesabında paylaşdığı yazıda ispan filosofu Xose Orteqa Qassetin “Universitetin missiyası” kitabına istinad edərək universitetlərin dörd əsas vəzifəsini diqqətə çatdırıb. Bunlar mədəniyyətin ötürülməsi, peşə hazırlığı, elmi tədqiqatların aparılması və yeni tədqiqatçıların yetişdirilməsidir.

Etibar Əliyev universitetlərdə mədəniyyət anlayışının yalnız nəzəri biliklərlə məhdudlaşmadığını vurğulayıb. Onun fikrincə, tələbədən rüşvət tələb edilməsi, professor-müəllim heyətinə hörmətsiz münasibət, qohumluq və tanışlıq əlaqələri əsasında vəzifə bölgüsü, şəxsi maraqların ictimai mənafedən üstün tutulması ali təhsil mühitində ciddi problemlərdir.

Ekspert universitet rəhbərlərinin kollektivlə münasibətlərinə də toxunub. O, rəhbərliyin professor-müəllim heyətini aşağılamasını, kollektivdən təcrid olunmasını və universitetin əsas missiyasından uzaqlaşmasını mədəniyyətsizlik kimi qiymətləndirib.

Paylaşımında professor Şahlar Əsgərovun Sankt-Peterburq Universitetində aspirantura təhsili aldığı dövrdən danışdığı bir hadisəni də xatırladan Etibar Əliyev rektor Mehdi Əliyevin tələbəyə göstərdiyi diqqəti nümunə gətirib. Belə ki, ezamiyyət ərizəsini imzalamaq üçün rektorun qəbuluna gələn Şahlar Əsgərov onun səmimi münasibəti və ərizəyə yazdığı müsbət dərkənarla qarşılaşıb.

Etibar Əliyev hesab edir ki, müasir təhsil sistemi dörd fundamental suala cavab verməlidir: nəyi öyrətməli, necə öyrətməli, biliyin mahiyyəti nədir və idrak nədir?

Ekspert müəllimlərin bir qisminin idrak problemi yaşadığını, bunun isə mütaliə çatışmazlığı ilə əlaqəli olduğunu bildirib. Onun qənaətinə görə, bu problemin aradan qaldırılması üçün pedaqoji ali təhsil müəssisələrində fəlsəfə, psixologiya, pedaqogika və məntiq fənləri daha dərindən və məzmunlu tədris olunmalıdır.

Etibar Əliyev Xose Orteqa Qassetin təlim haqqında fikirlərinə də diqqət çəkib. Filosofun yanaşmasına əsasən, təhsilin məqsədi tələbələrə sadəcə hazır bilikləri ötürmək deyil, onlarda elmə ehtiyac hissi yaratmaqdır.

Ekspertin fikrincə, universitet yalnız peşə sahibi yetişdirən müəssisə deyil, həm də insanın dünyagörüşünü, düşüncə tərzini və dəyərlər sistemini formalaşdıran mədəniyyət məkanı olmalıdır.


Sizin reklam burada
Sizin reklam burada