Benqazidəki hücum Liviyanı yenidən qarşıdurmaya sürükləyə bilər

Benqazidəki hücum Liviyanı yenidən qarşıdurmaya sürükləyə bilər
12:20

Liviyanın Benqazi limanında Rusiyaya məxsus “Merkuriy” korvetinin naməlum pilotsuz dəniz aparatlarının hücumuna məruz qalması regionda yeni geosiyasi gərginlik yaradıb. Hücum nəticəsində gəmidə güclü partlayışın baş verdiyi bildirilir.

Ukrayna Prezidenti Volodimir Zelenski noyabrın 23-də əməliyyatla bağlı məsuliyyəti Kiyevin üzərinə götürüb. Ukrayna tərəfinin açıqlamasına görə, xüsusi xidmət orqanları Benqazi limanında Rusiyaya məxsus “Merkuriy” korvetini, eləcə də Rusiyanın hərbi təchizatında istifadə etdiyi iddia olunan “MV Angara” gəmisini hədəfə alıb. Əməliyyat zamanı yeddi pilotsuz dəniz aparatından istifadə edildiyi bildirilib.

Hadisəyə Liviyadan da sərt reaksiya gəlib. Liviya Prezident Şurasının sədr müavini Musa əl-Kuni Ukraynanı Benqazi limanına hücumda ittiham edərək, bunu müharibə elanı kimi qiymətləndirib. O, Kiyevin əməliyyatla bağlı məsuliyyəti qəbul etdiyini xatırladaraq, Ukraynanın baş verənlərə görə tam məsuliyyət daşımalı olduğunu bildirib.

Mövzu ilə bağlı News365.az-a danışan politoloq Turan Rzayev hesab edir ki, normal şərtlərdə Ukraynanın bu addımı Liviya tərəfindən müharibə səbəbi kimi qiymətləndirilə bilərdi. Lakin ölkədəki mürəkkəb siyasi və hərbi vəziyyət hadisəyə fərqli yanaşma tələb edir.


Onun sözlərinə görə, ilk diqqətçəkən məqam hücumun Benqazidə, yəni Xəlifə Haftarın nəzarətində olan ərazidə həyata keçirilməsidir. Liviya 2011-ci ildə Müəmmər Qəddafinin devrilməsindən sonra vahid siyasi və hərbi sistem formalaşdıra bilməyib. Hazırda ölkənin qərbində Tripoli hökuməti, şərqində isə Xəlifə Haftarın rəhbərlik etdiyi hərbi qüvvələr və onların dəstəklədiyi siyasi hakimiyyət mövcuddur.

Politoloq qeyd edib ki, Haftarın rəhbərlik etdiyi qüvvələrin legitimliyi mübahisəli olaraq qalır. Bu qüvvələr faktiki olaraq Rusiya ilə əməkdaşlıq edir və Qərb tərəfindən tanınmır. Buna görə də Benqazidə baş verən hücumun avtomatik olaraq bütün Liviya adından müharibə səbəbi sayılması doğru yanaşma deyil.

Turan Rzayevin fikrincə, hadisə ilə bağlı ən ciddi suallardan biri əməliyyatın necə həyata keçirilməsidir. Belə ki, Benqazi Ukrayna sahillərindən təxminən 1700 kilometr məsafədə yerləşir. Ukrayna Təhlükəsizlik Xidmətinin açıqlamasına əsasən, yeddi dəniz dronu əvvəlcə xüsusi ana gəmi vasitəsilə müəyyən edilmiş əraziyə daşınıb, daha sonra suya buraxılıb. Bu isə aparatların Ukrayna sahillərindən birbaşa Liviyaya qədər hərəkət etmədiyini göstərir.

Bununla belə, ana gəminin hansı marşrutla hərəkət etdiyi, əməliyyat üçün hansı ərazidən istifadə olunduğu və dronların dəqiq haradan buraxıldığı açıqlanmayıb.

Politoloq hesab edir ki, burada iki əsas ehtimal diqqət çəkir. Birinci ehtimala görə, ana gəmi Qara dənizdən Aralıq dənizinə keçibsə, Bosfor və Çanaqqala boğazlarından istifadə etməli olub. Digər ehtimal isə əməliyyatın Liviyanın qərbindəki mövcud hərbi imkanlardan istifadə edilməklə hazırlanmasıdır. Çünki Ukrayna hərbi mütəxəssislərinin Tripoli, Misrata və Zaviya ətrafında fəaliyyət göstərməsi ilə bağlı məlumatlar bu versiyanı gündəmə gətirir.

Turan Rzayev məsələnin Türkiyə ilə bağlı tərəfinə də diqqət çəkib. Onun sözlərinə görə, Ankara uzun illərdir Liviyanın qərbindəki Milli Birlik Hökumətinin əsas siyasi və hərbi tərəfdaşlarından biridir. 2019-cu ildə Türkiyə ilə Tripoli hökuməti arasında imzalanan hərbi əməkdaşlıq memorandumu və dəniz yurisdiksiyası ilə bağlı razılaşma Ankaranın Liviyadakı mövqelərini daha da möhkəmləndirib.

Türkiyə 2020-ci ildə Tripoli hakimiyyətinə göstərdiyi hərbi dəstəklə Haftar qüvvələrinin paytaxt istiqamətində irəliləyişinin qarşısının alınmasında mühüm rol oynayıb. Politoloq vurğulayıb ki, Ukraynanın da son dövrdə Tripoli ilə hərbi və təhlükəsizlik əlaqələrini genişləndirməsi regionda yeni geosiyasi mənzərə formalaşdırır.

Ekspertin qənaətinə görə, Benqazi hücumu Liviyadakı mövcud qarşıdurmaya yeni amil əlavə edə bilər. Haftar hadisəni Tripoli hakimiyyətinin Ukrayna ilə yaxınlaşmasının nəticəsi kimi təqdim edərsə, qərbdəki siyasi qüvvələrə qarşı təzyiqlərini artıra bilər. Eyni zamanda, Rusiya öz hərbi mövcudluğunun təhlükə altında olduğunu əsas gətirərək Haftarla əməkdaşlığını genişləndirə bilər.

Belə bir ssenarinin reallaşması Liviyanın iki siyasi mərkəzi arasında onsuz da kövrək olan münasibətləri daha da gərginləşdirə və ölkədə yeni siyasi-hərbi qarşıdurma riskini artıra bilər.


Sizin reklam burada
Sizin reklam burada