Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin personası ətrafında başlayan müzakirələr səngimək bilmir. Mehdiyevin həbsindən sonra vaxtilə onunla təmasda olmuş bir xeyli adamın dilindən "qıfıl" götürüldü. Yaranmış münbit şərait nəticəsində PA-nın keçmiş rəhbərinin fəaliyyəti ilə bağlı "sirr pərdəsi" tamamilə ortadan qalxdı.
Ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən bəzi adamlar son günlər verdikləri açıqlamalarla Ramiz Mehdiyevin qaranlıq əməllərinə yetərincə işıq tuta bilirlər. Bu sıraya Milli Məclisin indiki və keçmiş deputatları, sabiq məmurlar, partiya sədrləri, aparıcı siyasi xadimlər daxildir. Açıqlanan faktlar 24 il Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına rəhbərlik etmiş Ramiz Mehdiyevin siyasi portretini çizməyə önəmli töhfə verir.
Vaxtilə Prezident Administrasiyasında çalışmış şəxslərdən biri deyib ki, Mehdiyev PA rəhbəri olduğu 1995-2024-cü illərdə tabeliyində çalışan əməkdaşlarla çox sərt rəftar edib, onları həmişə qorxu altında saxlayıb. Bu gərginliyə dözə bilməyən bir çox əməkdaş müxtəlif xəstəliklərə tutulub, ya da könüllü şəkildə işdən çıxıb. Xüsusilə gənc və savadlı kadrlar Ramiz Mehdiyevin bir nömrəli düşməni olub. O, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, həmin şəxsləri ləkələyib və müxtəlif bəhanələrlə işdən qovub. Mehdiyevin "qara siyahı"sına düşən bu adamların üzünə digər dövlət qurumlarının da qapıları bağlı olub.
Məlumatlara görə, sabiq PA rəhbəri ixtisasca hüquqşünas olan şəxslərə qarşı xüsusilə amansız davranıb. Bu qəddar münasibət onun gəncliyində hüquq fakültəsinə qəbul ola bilməməsi ilə əlaqələndirilir.
Məlumatlı şəxs Ramiz Mehdiyevlə bağlı daha bir ilginc faktı açıqlayıb. Onun sözlərinə görə, 87 yaşlı akademik PA-nın rəhbəri olduğu dövrdə tabeliyində çalışan şəxslərə iş vaxtı dəhlizə cıxmağı qadağan edib. Bu qadağaya əməl etməyənlər isə işdən azad olunub. /// mətbuat.az