Panel müzakirəsi: “Vaşinqton razılaşmaları çərçivəsində etimad mühiti gücləndirilir”

Panel müzakirəsi: “Vaşinqton razılaşmaları çərçivəsində etimad mühiti gücləndirilir”
14:20

Azərbaycan–Ermənistan münasibətlərində sülh və etimad mühitinin gücləndirilməsi istiqamətində beynəlxalq səviyyədə mühüm addımlar atılmağa davam edir. Son günlərdə təşkil olunan panel müzakirələr göstərir ki, iki ölkə arasında dialoq yalnız siyasi liderlərin səviyyəsində deyil, vətəndaş cəmiyyəti və ekspertlərin iştirakı ilə də aparılır. Vaşinqton Razılaşmaları çərçivəsində formalaşan bu diskussiya, ortaq gələcək konsepsiyasının irəliyə daşınması və regionda davamlı əməkdaşlıq üçün mühüm platforma rolunu oynayır.

Politoloq Elçin Mirzəbəyli News365.az-a açıqlamasında bildirib ki, Azərbaycan–Ermənistan münasibətləri ilə bağlı panel müzakirəsinin keçirilməsi regional sülh prosesinə verilən beynəlxalq əhəmiyyətin göstəricisidir.


Onun sözlərinə görə, bu cür müzakirələr konstruktiv səviyyədə aparılır və əsas məqsəd Vaşinqton Razılaşmalarında müəyyən edilən “ortaq gələcək” konsepsiyasının irəliyə daşınmasıdır:

“Bu panel, bir tərəfdən sülh prosesinin beynəlxalq gündəmdə prioritet mövzu olduğunu göstərir, digər tərəfdən Vaşinqtonda imzalanmış bəyanatın əsas prinsiplərinin – etibarlı münasibətlərin formalaşdırılması, birləşdirici amillərin önə çıxması – müzakirəsinə imkan yaradır.”

Elçin Mirzəbəyli vurğulayıb ki, vətəndaş cəmiyyəti institutlarının prosesə cəlb edilməsi də müsbət dinamikanın formalaşmasında mühüm faktordur:

“Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri son aylarda bir neçə qarşılıqlı səfər həyata keçiriblər. Verilən açıqlamalar da göstərir ki, müsbət nəticələr əldə olunmaqdadır.”

Politoloq hesab edir ki, panel müzakirəsində etimad mühitinin qurulması ilə yanaşı, digər vacib məsələlər də gündəmdə olacaq:

“Kommunikasiyaların açılması, Zəngəzur dəhlizi və geniş yol infrastrukturu ilə bağlı atılacaq addımlar, habelə delimitasiya və demarkasiya prosesinin gələcəyi əsas müzakirə mövzularından olacaq. Artıq işçi qruplar fəaliyyət göstərir və burada daha çox texniki məqamlar ön plana çıxır.”

Elçin Mirzəbəyli əlavə edib ki, Ermənistan Konstitusiyasındakı Azərbaycana qarşı ərazi iddialarının da paneldə gündəmə gətiriləcəyi istisna deyil:

“Təbii ki, bu məsələdə tərəflərin mövqeləri fərqli olacaq, lakin bu cür müzakirələr sülhə aparan yolun mühüm tərkib hissəsidir.”

Politoloq yekunda bildirib ki, panelin keçirilməsi regionda uzunmüddətli sabitlik və əməkdaşlıq istiqamətində mühüm addım kimi qiymətləndirilməlidir.


Sizin reklam burada
Sizin reklam burada