Azərbaycanda saatlıq minumum əməkhaqqı TƏXİRƏ SALINDI

Azərbaycanda saatlıq minumum əməkhaqqı TƏXİRƏ SALINDI
15:23

Regional məsələlər komitəsinin son iclasında Əmək Məcəlləsinə təklif olunan bir sıra mühüm dəyişikliklər edilib. Uşağın doğulması ilə əlaqədar atalara 14 günlük ödənişli məzuniyyətin verilməsi, distant işin hüquqi rəsmiləşdirilməsi və tələbələrin istehsalat təcrübəsi dövründə əmək müqaviləsi ilə təmin olunması kimi yeniliklər qanun layihəsində yer alıb.

Bununla yanaşı, bir müddətdir gündəmdə olan saatlıq minimum əməkhaqqına keçid məsələsi isə layihəyə daxil edilməyib.

Qeyd edək ki, Azərbaycanda minimum əməkdaqqı aylıq nəzərdə tutulub və hazırda bu məbləğ 400 manatdır. Bir müddət əvvəl rəsmi qurumlar saatlıq minimum əməkdaqqı ilə bağlı təkliflər hazırlandığını bildirsə də, hazırda Əmək Məcəlləsinə edilən dəyişiklikdə bu məsələ nəzərdə tutulmayıb və saatlıq minimum əməkhaqqı barədə planlar təxirə salınıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib ki, saatlıq minumum əməkhaqqının tətbiqi hazırda hökumətdə müzakirə olunan məsələlərdən biridir. Onun sözlərinə görə, lakin bunun üçün mexanizmin hazırlanmasına və detallı qaydaların dəqiqləşdirilməsinə ehtiyac var.

“Saatlıq əməkhaqqı sisteminin bir sıra üstünlükləri mövcuddur. Bu model vətəndaşların “overtime”, yəni əsas iş saatlarından artıq işlədikləri müddətə görə əlavə ödəniş almalarını təmin edir. Eyni zamanda, bir neçə yerdə işləmək imkanlarını genişləndirir ki, bu da mühüm amillərdəndir”.

Deputat vurğulayıb ki, bununla yanaşı, əmək müqavilələrinin bağlanması, onların növləri, tətbiq mexanizmi, əməkhaqlarının ödənilməsi sistemi kimi məsələlər də aydın şəkildə müəyyənləşdirilməlidir:

“Ümumiyyətlə, əmək bazarında, xüsusilə də əməkhaqqı siyasəti ilə bağlı islahatlar əsaslandırma, hüquqi çərçivə və mexanizmlərin tam hazır olmasını tələb edir. Bu proseslər tamamlandıqdan sonra müvafiq islahatların icrası mümkün olacaq”.

V.Bayramov əlavə edib ki, saatlıq əməkhaqqı ilə bağlı müzakirələr davam edir və gözləntilər ondan ibarətdir ki, Azərbaycan da bir çox ölkələrdə olduğu kimi bu sistemə keçid reallaşdırılsın. Deputatın fikrincə, bunun tətbiqi yalnız mexanizmin tam hazır olması ilə mümkün olacaq.


Sizin reklam burada
Sizin reklam burada