Ötən Bakıda “İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi” mövzusunda Azərbaycan-Gürcüstan Media Forumu keçirilib.
Forumun keçirilməsində məqsəd iki ölkə arasında media sahəsində əməkdaşlığın dərinləşdirilməsi, informasiya mühitində etibarlılığın artırılması və təhlükəsizlik çağırışlarının düzgün qiymətləndirilməsidir.
Ekspertlər deyir ki, forum iki qonşu və strateji tərəfdaş ölkənin informasiya mühitindəki çağırışlara qarşı daha koordinasiyalı şəkildə çıxış etməsinə imkan yaradır.
Jurnalist-araşdırmaçı Lika Jorjoliani bildirib ki, forum yüksək səviyyədə təşkil olunub:
“Azərbaycan-Gürcüstan Media Forumu məndə son dərəcə müsbət təəssürat yaratdı. Tədbir yüksək səviyyədə təşkil olunmuşdu və müzakirələr, eləcə də panel sessiyaları təcrübə mübadiləsi aparmağa, media sahəsindəki müasir çağırışları dəyərləndirməyə və məsuliyyətli jurnalistika vasitəsilə ictimai etimadın formalaşdırılmasının əhəmiyyətini vurğulamağa imkan verdi. Mənim üçün xüsusilə dəyərli olan məqam informasiya təhlükəsizliyi və dezinformasiyaya qarşı mübarizədə medianın rolu ilə bağlı fikir mübadiləsi idi”.

Jurnalist bu forumun Azərbaycan və Gürcüstan arasında media sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsi üçün mühüm bir addım olacağına əmin olduğunu vurğulayıb:
“Həmçinin düşünürəm ki, bu forum gələcəkdə illik müstəviyə keçə bilər ki, bu da hər iki tərəfə keyfiyyətli jurnalistikanın inkişafı və qlobal çağırışlara daha effektiv şəkildə cavab verməsi üçün imkan yaradacaq. Tədbir çərçivəsində formalaşmış platforma digər əməkdaşlıq sahələrinə də müsbət təsir göstərə və ölkələrimiz arasında qarşılıqlı anlaşmanın və etimadın möhkəmlənməsinə töhfə verə bilər.
Hesab edirəm ki, bu kimi təşəbbüslər regional sabitlik və peşəkar media mühitinin dəstəklənməsi baxımından olduqca vacibdir. Gürcüstan və Azərbaycan – qardaş xalqlardır və birlikdə bölgəmizdə sabitliyin və sülhün təmin olunması üçün səylər göstərə bilərik”.
"Ekspert+” analitik assosiasiyasının nümayəndəsi Vaso Kapanadze də Forumun Gürcüstan-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi baxımından böyük önəminin olduğunu qeyd edib:
“Burada sadəcə insanlarımız, cəmiyyətlərimiz arasında deyil, əlbəttə ki, ilk növbədə media nümayəndələri arasında münasibətlər nəzərdə tutulur. Bu forum xüsusilə ona görə önəmlidir ki, Gürcüstan və Azərbaycan mediası üçün ümumi çağırışıar mövcuddur. Media sektorunun inkişafı, yalan, qərəzli və keyfiyyətsiz informasiya ilə mübarizədə əməkdaşlıq etmək vacibdir. Xüsusilə Gürcüstan mediası Azərbaycanla müqayisədə çox sayda çağırışlarla üz-üzədir. Çünki Gürcüstanda Azərbaycanda olduğu kimi deyil. Orada açıq-aşkar destruktiv media qüvvələri var. Bəzi kanallar və digər kütləvi informasiya vasitələri hakimiyyətin qeyri-konstitusiyon yolla devrilməsinə açıq çağırışlar edir. Və onlar Qərbdən maliyyələşirlər. Buna görə də, həm Azərbaycanın, həm Gürcüstanın suverenliyinin qorunması baxımından bu cür əməkdaşlıq vacibdir”.

Vaso Kapanadze vurğulayıb ki, belə forumlar xalqlarımız və ölkələrimizin yaxınlaşmasına kömək edəcək:
“Düşünürəm ki, gələcəkdə həm Azərbaycanda, həm Gürcüstanda keçirilə biləcək media tədbirləri çərçivəsində jurnalistlərin məsuliyyət səviyyəsinin yüksəldilməsi, onların dövlət düşüncəsinə yiyələnməsi kimi məsələlərə ciddi fikir verilməlidir. Bu, ilk növbədə Gürcüstan media sahəsinə aiddir. Buna görə də düşünürəm ki, belə forumlar keçirilməlidir və bu, yalnız xalqlarımızın və ölkələrimizin yaxınlaşmasına kömək edəcək. /// modern