Azərbaycanın logistika və yaşıl enerji imkanları diqqət mərkəzində

Azərbaycanın logistika və yaşıl enerji imkanları diqqət mərkəzində
09:44

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) ikinci günü işinə başlayıb. Dünyanın müxtəlif ölkələrindən nümayəndələrin iştirak etdiyi forum çərçivəsində şəhərsalma, dayanıqlı inkişaf, logistika, enerji təhlükəsizliyi və beynəlxalq əməkdaşlıq məsələləri geniş müzakirə olunur. Forum beynəlxalq əməkdaşlığın gücləndirilməsi, yeni iqtisadi və ekoloji yanaşmaların tətbiqi baxımından mühüm platforma kimi qiymətləndirilir.

Milli Məclisin deputatı Aydın Hüseynov News365.az-a açıqlamasında bildirib ki, Azərbaycanın yerləşdiyi strateji coğrafi mövqe ölkəyə böyük üstünlüklər qazandırır.

Deputat qeyd edib ki, ölkənin həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşməsi beynəlxalq ticarət və əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, hazırda dünyanın bir çox ölkələri Azərbaycanla iqtisadi və logistika sahəsində əməkdaşlıqda maraqlıdır.


Aydın Hüseynov vurğulayıb ki, qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi yalnız iqtisadi baxımdan deyil, siyasi və strateji baxımdan da xüsusi əhəmiyyət daşıyır. Deputatın sözlərinə görə, Bakıda keçirilən beynəlxalq tədbirlər və forumlar müxtəlif ölkələrdən nümayəndələri bir araya gətirir, yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yaradır. O qeyd edib ki, bu cür tədbirlər Azərbaycanın beynəlxalq nüfuzunun daha da güclənməsinə xidmət edir.

Deputat bildirib ki, Azərbaycanın ən böyük üstünlüklərindən biri də Xəzər dənizi üzərindən geniş logistika imkanlarına malik olmasıdır. Onun sözlərinə görə, Xəzər dənizi vasitəsilə həyata keçirilən yükdaşımalar, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyəti, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ölkənin tranzit potensialını əhəmiyyətli dərəcədə artırır. Aydın Hüseynov qeyd edib ki, bu marşrutlar vasitəsilə Avropa ilə Asiya arasında yükdaşımaların həcmi getdikcə artır və Azərbaycan regionun əsas nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilir.

O əlavə edib ki, Azərbaycanın həyata keçirdiyi layihələr ölkəyə olan beynəlxalq etimadı daha da möhkəmləndirib. Deputat bildirib ki, Azərbaycan üzərinə götürdüyü bütün öhdəlikləri vaxtında və yüksək səviyyədə yerinə yetirən ölkə kimi tanınır. Məhz buna görə də bir çox dövlətlər və beynəlxalq qurumlar Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir.

Aydın Hüseynov iqtisadi inkişaf məsələlərinə də toxunaraq bildirib ki, Azərbaycan müasir çağırışlara uyğun şəkildə iqtisadiyyatını inkişaf etdirir. Onun sözlərinə görə, ölkədə qeyri-neft sektorunun genişləndirilməsi, innovativ layihələrin həyata keçirilməsi və yeni texnologiyaların tətbiqi istiqamətində mühüm addımlar atılır. Deputat qeyd edib ki, iqtisadiyyatın şaxələndirilməsi Azərbaycanın gələcək inkişaf strategiyasının əsas istiqamətlərindən biridir.

Deputat yaşıl enerji sahəsinin də Azərbaycan üçün prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb. O bildirib ki, dünyada alternativ və bərpa olunan enerji mənbələrinə maraq sürətlə artır və Azərbaycan da bu istiqamətdə böyük potensiala malik ölkələr sırasında yer alır. Aydın Hüseynovun sözlərinə görə, ölkənin külək, günəş və hidroenerji imkanları olduqca genişdir və artıq bu sahədə iri layihələrin icrasına başlanılıb.

Onun sözlərinə görə, yaşıl enerji layihələrinin inkişafı həm enerji təhlükəsizliyinin təmin olunmasına, həm də ekoloji vəziyyətin yaxşılaşdırılmasına mühüm töhfə verəcək. Deputat qeyd edib ki, yaxın illərdə alternativ enerji istehsalının həcmi daha da artırılacaq və bu istiqamətdə beynəlxalq tərəfdaşlarla əməkdaşlıq genişləndiriləcək.

Aydın Hüseynov sonda bildirib ki, Azərbaycanın malik olduğu iqtisadi, logistika və enerji imkanları ölkənin gələcək inkişaf perspektivlərini daha da gücləndirir. Deputatın fikrincə, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və yeni layihələrin həyata keçirilməsi Azərbaycanın regionda strateji mövqeyini daha da möhkəmləndirəcək.

 


Sizin reklam burada
Sizin reklam burada