Xəbər
verdiyimiz kimi İtaliyanın Baş naziri Ciorcia Meloni mayın 4-də Azərbaycanda səfərdə
olub. Baş nazir səfəri ilə bağlı sosial hesabında paylaşım edib. Paylaşımda
İtaliya Baş naziri Azərbaycanla strateji tərəfdaşlığı gücləndirmək məqsədilə
Bakıya səfər etdiyini bildirib.
“Bu tərəfdaşlıq İtaliya üçün konkret və uzunmüddətli əhəmiyyət daşıyır.
Azərbaycanla enerji, təhlükəsizlik, nəqliyyat və logistika bağlantıları,
investisiyalar və siyasi dialoq sahələrində artıq çox önəmli olan əməkdaşlığı
daha da möhkəmləndirməyi və onu getdikcə ölkələrimiz üçün konkret imkanlara
çevirməyi hədəfləyirik.
Qlobal səviyyədə mürəkkəb proseslərin getdiyi bir dövrdə etibarlı tərəfdaşlıqlar
xüsusi əhəmiyyət kəsb edir. İtaliya ilə Azərbaycan arasındakı münasibətlər də məhz
belə tərəfdaşlıqlardan biridir”, - o qeyd edib.
Azərbaycan
Prezidenti İlham Əliyev isə İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə
mətbuata bəyanatında deyib ki, bizim siyasi əlaqələrimiz ən yüksək səviyyədədir.
Eyni zamanda, ticarət əlaqələrimiz də çox yaxşı vəziyyətdədir:
“İtaliya Azərbaycanın
bir nömrəli ticarət tərəfdaşıdır”.
Nəzərə alaq
ki, İtaliyanın Baş Naziri Ciorcia Meloninin Azərbaycana səfəri mühim hadisədir,
2013-cü ildən bəri İtaliyanın Baş nazirləri ölkəmizə səfər etməmişdilər.
Səfər zamanı
maraqlı rəqəmlər açıqlanıb. Məlum olub ki, son bir neçə ildə Azərbaycan İtaliyaya
3 milyard dollardan çox investisiya yatırıb.
Rusiya, Çin,
Türkiyə və digər ölkələr Azərbaycanın xarici ticarətində tutduğu mövqeyə görə
illər üzrə bir-birini əvəz etsə də, Azərbaycan üçün birinci sırada olan İtaliya
öz yerini 20 ildir ki, kimsəyə vermir.
Bu gün ölkənin
xarici ticarət dövriyyəsində hər 100 dolların 24 dolları, ixrac gəlirlərimizdə
isə hər 100 dolların 45 dolları məhz İtaliyanın payına düşür.
Əlqərəz,
İtaliya Azərbaycanın enerji arteriyalarının son dayanacağı, iqtisadi dövriyyəsinin
isə ürəyidir.
Bir sözlə, İtaliya
Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. 2025-ci ildə Azərbaycan ticarət
dövriyyəsinin 24 faizi bu ölkənin payına düşüb. Eyni zamanda, Azərbaycan
ixracat etdiyi məhsulların 45,3 faizini İtaliyaya göndərir.
2025-ci ildə
iki ölkə arasında ticarət dövriyyəsi 4.0 faiz artaraq 11 milyard 390 milyon
dollardan 11 milyard 860 milyon dollaradək yüksəlib. İtaliya ilə ticarət
dövriyyəsində Azərbaycan 10 milyard 824 milyon dollarlıq müsbət saldoya
malikdir.
Azərbaycan
eyni zamanda İtaliyanın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır.
İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 93 %-i Azərbaycanın
payına düşür. Belə ki, ötən il İtaliyanın Ermənistanla ticarət dövriyyəsi 453,
Gürcüstan ilə isə 442 milyon dollar olub. Bu da onu göstərir ki, Azərbaycan
İtaliya üçün regional olaraq strateji müttəfiq ölkədir. Növbəti mərhələdə də
iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişlənəcəyi gözlənilir.
Son illər
qarşılıqlı sərmayə qoyluşlarında da artımlar müşahidə olunur. Azərbaycan son
bir neçə il ərzində İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə
qoyub. Göründüyü kimi, son dövrlərdə iki tərəf arasında müsbət addımların
atılması strateji tərəfdaşlığın yalnız sənədlərdə deyil, real həyatda və
praktiki əməkdaşlıq sahələrində də təsdiqini tapdığını göstərir.
Qeyri
neft-qaz sahəsində əməkdaşlığın gücləndirilməsi əsas prioritetlərdəndir. Ölkələr
arasındakı səmimi və strateji tərəfdaşlığa əsaslanan münasibətlər birgə layihələrin
icrası üçün yeni imkanlar yaradır. İtaliya baş nazirinin Azərbaycana səfəri ölkələr
arasındakı strateji münasibətlərin daha da dərinləşməsinə töhvə verəcək.
News365.az