Azərbaycan və Ermənistan arasında Sülh Sazişi bağlana bilərmi? Mane olan qüvvələr

Azərbaycan və Ermənistan arasında Sülh Sazişi bağlana bilərmi? Mane olan qüvvələr
18 Mar 2025 15:55

Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi üçün əsas şərtlərdən biri sərhəddə yerləşən Avropa müşahidə missiyasının çıxarılması ilə bağlı razılığın əldə olunmasıdır. Üstəlik, hər iki tərəf yekun sülh üçün təklif və şərtlərini bəyan etdikdən sonra müqavilənin nə vaxt imzalanacağı məsələsi yenidən gündəmə gəlir.

Ötən ilin oktyabrında sülh sazişinin imzalanması ilə bağlı xəbərlər mətbuatda yayımlanmışdı. Hətta Ermənistanın baş naziri Nikol Paşinyan 2025-ci ilin yanvar ayında sülh sazişinin bağlanacağını bildirmişdi. Lakin artıq mart ayıdır və müqavilə hələ də imzalanmayıb. Bunun əsas səbəbləri Ermənistanın sərhəddə təxribatlar törətməsi, Fransa, ABŞ və digər ölkələrdən sürətlə silah alması, bəzən isə bu silahların "hərbi yardım" adı altında pulsuz verilməsi, Ermənistan daxilindəki qüvvələrin Azərbaycana qarşı qisas çağırışları etməsi və ərazi iddialarını davam etdirməsidir. Bundan əlavə, Ermənistan Konstitusiyasına dəyişiklik etməklə qonşu dövlətlərə qarşı ərazi iddialarından əl çəkmək məsələsini yubandırır.

Regionda Sülhün Əsas Gecikmə Səbəbi Nədir?

Ermənistanda sülh sazişinin imzalanmasını "zəiflik" kimi qəbul edən qüvvələr, əslində, ABŞ, Qərb və Rusiyanın maraqlarına xidmət edən qruplardır.

ABŞ anlayır ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanarsa, Ermənistan kiçik bir dövlət olaraq Türk dünyasının ortasında mövcudluğunu davam etdirəcək və ABŞ-ın NATO adı altında bu bölgədə hərbi baza yaratmaq planları iflasa uğrayacaq. ABŞ və Qərb, Ukraynada olduğu kimi, Ermənistan vasitəsilə də Rusiyanın Cənubi Qafqazdakı siyasi mövqelərini zəiflətmək və regionda yeni bir hərbi mərkəz yaratmaq istəyirlər.

Bu məqsədlə ABŞ və Ermənistan arasında hərbi-siyasi əməkdaşlıq gücləndirilir. Ötən il Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken arasında keçirilən görüşdə hərbi strateji tərəfdaşlıq müqaviləsi imzalanıb. Bundan əlavə, Ermənistan KTMT-də fəaliyyətini donduraraq NATO-ya namizəd statusu əldə etməyə çalışır. NATO-ya üzv olmaq üçün əsas şərtlərdən biri ərazi mübahisələrinin olmamasıdır. Bu baxımdan, Ermənistan üçün Azərbaycanla sülh sazişinin bağlanması strateji məqsədə çevrilib.

Lakin perspektivdə Ermənistan NATO-ya üzv olduqdan sonra yenidən Azərbaycana qarşı ərazi iddiaları irəli sürmək və Qarabağı ələ keçirmək üçün siyasi kampaniya başlatmaq niyyətində ola bilər.

Cənubi Qafqaz – Qərb və Rusiya Rəqabətinin Mərkəzi

Bu gün Cənubi Qafqazdakı üç ölkə – Azərbaycan, Ermənistan və Gürcüstan – ABŞ, NATO və Rusiya arasındakı siyasi toqquşmaların mərkəzinə çevrilib. Gürcüstanda QHT-lərlə bağlı qanun qəbul edilməsi Rusiyanın bu ölkədəki təsirini gücləndirmək məqsədi daşıyır, Qərb isə etiraz aksiyalarını dəstəkləyərək Gürcüstan hökumətini devirməyə çalışır.

Eyni ssenari Ermənistanda da baş verə bilər. ABŞ və Qərb Ermənistanı ikinci Ukraynaya çevirmək istəyir. Onlar bölgədə yeni münaqişə yaratmaqla Ermənistana hərbi yardım göndərmək, bu ölkədə hərbi bazalarını yerləşdirmək və Türk dövlətləri arasında bir "bufer zona" formalaşdırmaq niyyətindədirlər. Bundan əlavə, bu bölgədən İran və Yaxın Şərqə nəzarət etmək üçün istifadə etmək istəyirlər.

Nəticə etibarilə, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün təkcə iki dövlətin iradəsi yetərli deyil. Xarici qüvvələrin regiondakı maraqları və Ermənistanın daxili siyasi problemləri sülh prosesini uzadır.

Sülhün əldə olunması üçün əsas maneə geosiyasi maraqlardır. Azərbaycan isə öz ərazi bütövlüyünü qorumaq və regionda sabitliyi təmin etmək üçün bu cür təzyiqlərə qarşı dayanmaqda davam edir.

Müəllif: Siyasi şərhçi İsa İsmayılov Elşad Oğlu


Sizin reklam burada
Sizin reklam burada