Müəmmalı ölümün səbəbi nə idi? - Məsud Əlizadənin qətli

Müəmmalı ölümün səbəbi nə idi? - Məsud Əlizadənin qətli
02:45

1968-ci il, iyulun 27-də Bakıda baş verən qətl hadisəsi Çexoslovakiyada baş verənlər fonunda diqqəti cəlb edir.


Tibb İnstitutunun prorektoru, 36 yaşlı Məsud Əlizadə öz kabinetində qətlə yetirilir. Qəzetlərdə bu hadisə barədə rəsmi məlumat və metrologiya hesabatı dərc olunur. Lakin məlumatda prorektorun qətlə yetirildiyi açıq şəkildə qeyd edilmir – yalnız “bədbəxt hadisə nəticəsində vəfat edib” ifadəsi işlədilir.


Məsud Əlizadənin dəfnini təşkil etmək üçün komissiya yaradılır və mərhum iyulun 29-da torpağa tapşırılır. Kim idi Məsud Əlizadə?


Məsud Ağa Mehdi oğlu Əlizadə sadəcə bir ali məktəb prorektoru deyildi. O, 1932-ci ildə Bakıda anadan olmuş, 1963-cü ildə dissertasiya müdafiə edərək biokimya sahəsində alimlik dərəcəsi almışdı. Eyni zamanda gənc və perspektivli bir partiya xadimi idi.


1962–1966-cı illərdə Azərbaycan Komsomoluna rəhbərlik etmişdi. Bu vəzifədən sonra daha yüksək bir posta keçməsi gözlənilirdi. Hətta onu gələcəkdə respublikanın rəhbərlərindən biri kimi görənlər də var idi. Lakin gözlənilmədən Komsomol işindən uzaqlaşdırılır və Tibb İnstitutuna göndərilir.


Qətldən əvvəl nə baş vermişdi?

Hadisədən bir neçə gün əvvəl, Tibb İnstitutuna qəbul ola bilməyən abituriyentlərdən biri onun bağ evinə gəlir və qəbul üçün tələb irəli sürür. Prorektorun imtina etməsi isə bu gəncin aqressiv davranışına səbəb olur – bağ evinin pəncərələrini sındırır.


Məsud Əlizadə dərhal Daxili İşlər Nazirliyinə zəng edərək hadisəni bildirir. Nazirlik müvafiq göstəriş verir və sahə müvəkkili Nəsibov onun evinə göndərilir. Prorektor həmin şəxsin adını və iş yerini sahə müvəkkilinə bildirir. Lakin milis əməkdaşı bunu ciddi qəbul etmir və fürsətdən istifadə edərək şəxsi problemini həll etməyə çalışır – İnstitutdan qovulmaq təhlükəsi ilə üzləşən qızını orada saxlamağa çalışır.


Bu laqeydlik nəticəsində şübhəli şəxs nəzarətsiz qalır. Sahə müvəkkili isə formal olaraq həmin gəncin işlədiyi üç nömrəli xəstəxanaya gedir, lakin onu tapa bilmir və daha sonra axtarmağı unudur.


Aradan üç gün keçir. Prorektorun qatili olacaq abituriyent artıq heç kimin onu izləmədiyini anlayaraq rahatlanır. O, haqq-hesab çəkmək vaxtının çatdığını düşünərək Məsud Əlizadənin iş yerinə – Tibb İnstitutuna gəlir.


Sakitcə institutun pilləkənlərini qalxır, prorektorun kabinetinə daxil olur və onu qətlə yetirir. Bu müəmmalı ölümün sirri isə açılmadan qalır.


Keçmiş prorektor hörmət və ehtiramla Fəxri Xiyabanda dəfn edilir.


Tarix təsadüflərlə doludur...


Məsud Əlizadənin torpağa tapşırılmasından iki həftə sonra Azərbaycanın 5 milyonuncu sakini dünyaya gəlir.


Bu əlamətdar hadisəyə SSRİ rəhbərliyi öncədən hazırlaşırdı. Hələ iyulun 16-da Mərkəzi Komitənin Bürosu qərar qəbul etmişdi ki, bu doğum təntənəli şəkildə qeyd olunmalı, körpə xatirə medalı ilə, anası isə qiymətli hədiyyə ilə təltif edilməlidir.


Nəhayət, gözlənilən gün yetişir. Avqustun 11-də, saat 11:55-də, Azərbaycanın 5 milyonuncu sakini dünyaya gəlir – Əlibayramlı şəhərinin doğum evində. Onun anası, Sabirabad rayonunun Jdanov adına kolxozunun pambıqçısı, Vladimirovka kənd sakini Meyxanım Çaylova idi.


Körpəyə Arzu adı verilir. İndi həmin xanımın 55 yaşı tamam olmalıdır.


Harada yaşayır? Yaşayırmı? Bilmirik. Amma bir şey məlumdur: o avqust günlərində dünyaya gəlməsi valideynlərinə böyük sevinc yaşatmışdı.



Sizin reklam burada
Sizin reklam burada