"Almaniyanın üzrü qəbahətindən böyükdür"- Ceyhun Məmmədov

"Almaniyanın üzrü qəbahətindən böyükdür"- Ceyhun Məmmədov
01 Apr 2025 11:47

Son günlər Almaniyada, Fransada və digər Qərb ölkələrində Azərbaycanın əleyhinə yönəlmiş qərəzli və ədalətsiz yanaşmalar müşahidə edilir.

Bununla bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov News365.az-a fikirlərini bildirib. 

"Təəssüf ki, bəzi Qərb ölkələri, xüsusilə Almaniya və Fransa, köhnə vərdişlərindən əl çəkə bilmirlər. Bu, artıq bir tendensiyaya çevrilib və müəyyən mənada sistemli bir yanaşmadır. Bu cür qərəzli münasibət ədalətsizdir və beynəlxalq hüquqa ziddir. Onlar özlərini demokratik, hüququn üstünlüyünü təmin edən qabaqcıl ölkələr kimi təqdim edirlər, lakin reallıqda bu prinsiplərə əməl etmirlər.

Məsələn, son vaxtlar dəfələrlə “protokol səhvi” adı altında müxtəlif yanlışlıqlara yol veriblər. Bir süjet yayımlandı və orada Ermənistanın ərazisini Azərbaycan ərazisi ilə qarışdırdılar. Dedilər ki, “bu, protokol səhvidir”. Daha sonra Almaniyada bir tədbirdə “haqların öz müqəddəratını həll etməsi” ilə bağlı açıqlamalar verildi, lakin buna heç bir reaksiya vermədilər. Yenə “protokol səhvi” dedilər.

Lakin məsələ daha ciddidir. Bu yanlışlıqlar sıradan texniki səhvlər deyil. Söhbət ölkə prezidentinin rəsmi səhifəsində buraxılan kobud səhvlərdən gedir. Necə ola bilər ki, bu cür vacib rəsmi platformada belə səhvlər təkrarlanır? Bu, ya məqsədyönlü bir addımdır, ya da həmin administrasiyada çalışanların peşəkarlıq səviyyəsi sual altındadır.

Başqa bir məqam isə bayraq məsələsidir. Əgər Ermənistanın bayrağını tanıyırlar, çox gözəl. Amma uydurma “Dağlıq Qarabağ Respublikası”nın bayrağının təqdim olunması təsadüf ola bilərmi? Xeyr! Bu, təsadüfi bir addım deyil. O bayraq artıq tarixə gömülüb, Azərbaycan xalqı və onun Ali Baş Komandanı bu separatçı ünsürləri tarixin zibilliyinə atıb. Ona görə də kimlərinsə bunu “bayraq” kimi təqdim etməsi absurddur.

Son nəticədə bu cür yanaşmalar təsadüfi deyil, sistemli bir qərəzin göstəricisidir. Azərbaycan isə bu cür təxribatlara göz yummayacaq və daim öz haqqını müdafiə edəcək."


Sizin reklam burada
Sizin reklam burada