"Əvvəla, Tramp qarşısına qoyduğu hədəfə çata bilmədi. Biz hələ onun hakimiyyəti dövründə iki gün sonra atəşkəs imzalanacağı, bir həftə ərzində isə artıq tərəflərin sülh masasına oturacağı barədə bəyanatlarına şahidlik edirdik. Lakin sonrakı dövrdə də iki aylıq bir müddət müəyyən edilmişdi və ümid edilirdi ki, bu müddət ərzində həm Rusiya, həm də Ukrayna masa arxasında əyləşəcək."
Politoloq Rəşad Bayramov bunu News365.az-a açıqlamasında deyib.
"Təbii ki, burada AKP-nin və konkret olaraq Trampın maraqları təkcə Ukrayna ilə Rusiya arasında sülh əldə olunması deyildi, həm də ABŞ-in bundan maksimum şəkildə faydalanması ilə bağlı idi. Bu səbəbdən də ABŞ-in maraqlarına uyğun bir qərar verilməli idi. Trampın niyyəti sadəcə müharibəni dayandırmaq deyildi. Onun üçün əsas məsələ Ukraynanın təbii sərvətləri və Putini asılı vəziyyətə salmaq idi. Təbii ki, Tramp üçün yalnız “Mən müharibəni dayandırdım” demək kifayət etmirdi.
Bu baxımdan, indiki mərhələdə Trampın istəkləri baş tutmur. Faktiki olaraq Ukrayna ABŞ-in təklif etdiyi şərtlər daxilində sülh sazişini imzalamaqdan imtina edir. Hər nə qədər ilkin razılaşma olsa da, biz ilkin razılaşmadan sonra Ağ Evin iştahının artdığına şahidlik etdik və daha çox tələb irəli sürməyə başladığını gördük. Ukraynaya qarşı təzyiqlər gücləndi.
Zaporojye AES-in nəzarətinin ABŞ-ə verilməsi, iqtisadiyyatın müxtəlif sahələrində ABŞ-in təsirinin artırılması kimi tələblər ortaya çıxdı. Nəticə etibarilə, Zelenski Avropadakı tərəfdaşlarla məsləhətləşdikdən və onlardan müəyyən təminatlar aldıqdan sonra, ABŞ-in təklif etdiyi şərtləri qəbul etməməyə dair bəyanatlar verməyə başladı."