“Ortaq Dəyərlər” İctimai Birliyi “Türk Dünyası QHT Platformasının yaradılması ilə bağlı təşəbbüslər” adlı layihəsini həyata keçirir.
Bunu News365.az-a İB-nin sədri Aqil Camal bildirib.
Onun sözlərinə görə, 6 aylıq layihə çərçivəsində mövzu ilə bağlı internet televiziyasında debatların təşkili, xüsusi yazıların hazırlanaraq yayınlanması icra edilir, yekunda isə Azərbaycan-Qazaxıstan QHT-lərinin birgə forumunun keçirilməsi nəzərdə tutulur.
Aqil Camal bildirib ki, türk dövlətləri arasında rəsmi müstəvidə gedən inteqrasiya prosesinin ictimai sektora, media və qeyri-hökumət təşkilatları sferasına da tranfer olunması zəruridir:
“Layihədə nəzərdə tutulan tədbirlər çərçivəsində Türk ölkələrində fəaliyyət göstərən QHT-lərin, liderlərinin tanıdılması, platformalarda ortaq mövqelərdən çıxış edilməsi, həmçinin, Azərbaycanla, digər türk dövlətləri ilə əlaqəli gündəmin aktual mövzularının müzakirəsi həyata keçirilir. Layihənin sonunda isə Türk dünyası QHT Platformasının yaradılmasına dair təşəbbüslərə dəstək məqsədilə Azərbaycan-Qazaxıstan I Forumunun keçirilməsi, forumda Azərbaycan və Qazaxıstan QHT-lərinin iştirakının təmin edilməsi nəzərdə tutulub.”
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşır.