Azərbaycan Orta Dəhliz vasitəsilə ticarətini sürətləndirir

Azərbaycan Orta Dəhliz vasitəsilə ticarətini sürətləndirir
11:47

Prezident İlham Əliyev: “... biz Çin şirkətlərinə arxalanırıq”

 Çin Xalq Respublikası daim beynəlxalq hüquqa və dövlətlərin suverenliyinə hörmət prinsipini əsas götürür. Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstək və sülh təşəbbüslərinə açıq dəstək, Pekinin regionda dayanıqlı sabitlik istəyindən qaynaqlanır. Çinin Azərbaycanın sülh gündəliyinə dəstəyi, bölgədə Ermənistanla münasibətlərin normallaşması, kommunikasiyaların açılması və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq üçün vacib siyasi arxa plana çevrilir. Çin, qlobal siyasətdə artan qarşıdurmalar fonunda "soyuq müharibə" yanaşmalarını və xarici güclərin Cənubi Qafqazda rəqabət platformasına çevirmə cəhdlərini təhlükəli və nəticəsiz hesab edir. Bu isə Azərbaycanın müstəqil siyasətinə verilən bir dəstək kimi də dəyərləndirilə bilər. Prezident İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində ÇXR-ın Sədri Si Cinpi ilə imzaladığı “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”da bu məsələ də xüsusi bənd olaraq qeyd olunub. Cənab Prezident aprelin 25-də Çinin CGTN telekanalına verdiyi müsahibə də bu haqda danışıb: “Biz bir-birimizin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik. Biz “Vahid Çin” siyasətini qətiyyətlə dəstəkləyirik. Tayvanda qeyri-qanuni seçkiləri ictimaiyyət qarşısında açıq şəkildə pisləyən ilk ölkələr sırasında olmuşuq. Bəyanatın digər hissəsi ticarət, daşımalar, xalqlararası əlaqələr, humanitar tərəfdaşlıq kimi çox sayda məsələləri əhatə edir və əlbəttə ki, bu addım birgə təşəbbüsümüzdür. Beləliklə, həmin sənədin mahiyyəti çox əhəmiyyətlidir. Buna görə həmin ölkə ilə Bəyanatın imzalanması Azərbaycan üçün həqiqətən mühüm nailiyyətdir. Sizə deyə bilərəm ki, Azərbaycan öz bölgəsində bir çox ölkə ilə və həmçinin bəzi Avropa ölkələri ilə Strateji Tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb, lakin Çin ilə Bəyanat onların daxilində ən güclüsüdür. Məhz buna görə bu sənədin xüsusi vacibliyi bir daha göz qarşısındadır”. Nəzərə çatdıraq ki, “Vahid Çin” siyasətinə əsasən, Tayvan Çin Xalq Respublikasının ayrılmaz tərkib hissəsi kimi tanınır və Çin hökumətinin ərazi bütövlüyü prinsiplərinə hörmət edilir. Azərbaycan dəfələrlə bu mövqeyini beynəlxalq platformalarda, xüsusən də BMT və Qoşulmama Hərəkatı kimi təşkilatlarda bəyan edib. Bu dəstək, iki ölkə arasında strateji tərəfdaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan diplomatik münasibətlərin bir hissəsidir. Azərbaycan da öz ərazi bütövlüyü məsələlərində (xüsusən Qarabağla bağlı) beynəlxalq dəstəyə ehtiyac duyduğundan, oxşar prinsipial mövqeləri dəstəkləmək onun xarici siyasətində önəmli yer tutur.

Xatırladaq ki, Prezident İlham Əliyev Çinə səfəri çərçivəsində bir sıra rəsmi görüşlər keçirib. Aprelin 23-də Pekində Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub. Sədr Si Cinpin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafını və əldə etdiyi nailiyyətləri məmnunluqla qeyd edib. Prezident İlham Əliyev müsahibəsində bu görüşlə bağlı təəssüratlarını bölüşüb: “Bizim çox mehriban münasibətlərimiz var. Görüşlərin birində o, məni Çinin yaxın dostu adlandırıb. Bunu mən bir növ mükafat kimi qəbul edirəm. Onunla görüşməyə, çox səmimi və açıq qaydada söhbət aparmağa hər zaman məmnunam. Biz danışıqlar zamanı çox vaxt bir yerdə olmuşuq, sonra rəsmi ziyafət zamanı söhbət etmişik. Bir sözlə, regional sabitlik, təhlükəsizlik və beynəlxalq münasibətlərin bir çox sahəsini əhatə etmişik. Müxtəlif məsələlər ətrafında öz aramızda fikir mübadiləsi apardığımız zaman mənim üçün onun mövqeyini bilmək hər zaman vacibdir, çünki o, çox təcrübəli dövlət xadimidir. Ona böyük hörmətim var. O, çox dərin biliklərə malik olan, Çinin milli maraqlarına və bütövlükdə qlobal məsələlərə gəldikdə, çox qətiyyətli mövqeyi ilə seçilən insandır. Bildiyiniz kimi, Azərbaycan Sədr Sinin inkişaf, təhlükəsizlik və sivilizasiyalar ilə bağlı bir neçə təşəbbüsünə qoşulub. Biz onun mövqeyinə şərikik. “Bir kəmər, bir yol” təşəbbüsünü açıq şəkildə dəstəkləmiş və sonradan qoşulmuş ilk ölkələrdən biri də bizik və öz ölkəmizdə xeyli infrastruktur layihələrini həyata keçirmişik. Həqiqətən, onunla görüşmək hər zaman xoşdur. O, dünyanın ən güclü ölkələrindən birinin rəhbəridir, lakin, eyni zamanda, çox təvazökar, çox mehriban insandır. O, elə bir mühit yaradır ki, siz onunla söhbət edəndə sanki köhnə dostunuzla danışırsınız”.

Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” beynəlxalq infrastruktur və ticarət layihəsinə aktiv şəkildə qoşulub. Bu təşəbbüsün məqsədi Asiya, Avropa və Afrikanı birləşdirən genişmiqyaslı nəqliyyat və iqtisadi əməkdaşlıq şəbəkəsi yaratmaqdır. Azərbaycan bu layihədə strateji coğrafi mövqeyinə görə mühüm tranzit ölkələrindən biri kimi çıxış edir. Yeri gəlmişkən, Çində “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında “Bir kəmər, bir yol” təşəbbüsünün birgə təşviqi üzrə Əməkdaşlıq Planı” sənədi də izalanıb. Azərbaycanın bu layihəyə dəstəyi həm iqtisadi inkişaf, həm də beynəlxalq əməkdaşlığın genişlənməsi baxımından əhəmiyyətlidir. Cənab Prezident müsahibədə “Bir kəmər, bir yol” layihəsinin Azərbaycan üçün yalnız bir tranzit marşrutu olmadığını önə çəkib: “Biz bu marşrut üzərində şirkətlər qurmaq istəyirik, çünki bizim coğrafi mövqeyimiz əlverişlidir. Biz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşirik. Bağlantılara gəlincə, biz artıq bütün infrastrukturu - dəmir yollarını, dəniz limanlarını, magistral yolları, 8 beynəlxalq hava limanı inşa etmişik. Biz qlobal miqyasda ən böyük yükdaşıma, hava yolu ilə yükdaşıma şirkətlərindən birinə sahibik. Beləliklə, hədəfimiz bu marşrut üzərində biznes qurmaqdır. Əlbəttə ki, biz Çin şirkətlərinə arxalanırıq. Cəmi bir həftədən də az vaxt bundan əvvəl biznes-forumda hər iki ölkədən müxtəlif şirkətlər iştirak edirdilər, onlar Azərbaycana 300 milyon dollardan artıq həcmdə investisiya yatırılmasına dair sazişlər imzaladılar. Bu gün mən həmkarlarıma söylədim ki, bu, bizim üçün yaxşı göstəricidir. Lakin düşünürəm ki, bu göstərici daha böyük ola bilər”. Çin hazırda idxal baxımından Azərbaycanın əsas tərəfdaşıdır. Bu, iki ölkə arasında iqtisadi əlaqələrin son illərdə nəzərəçarpacaq dərəcədə inkişaf etdiyini göstərir. Ölkə başçısının da qeyd etdiyi kimi, Azərbaycanın əsas məqsədlərindən biri Çin bazarında daha böyük paya malik olmaqdır. Bu, bir sıra sahələr üzrə həyata keçirilir. Belə ki, Azərbaycanın əsas ixrac məhsullarından biri neft və neft-kimya məhsullarıdır. Çin bu sahədə böyük bazara malikdir və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu istiqamətdə əməkdaşlığı genişləndirməyə çalışır. Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafı istiqamətində siyasət həyata keçirir və Çin bazarına: kənd təsərrüfatı məhsulları (qoz, fındıq, nar, şərab, bal və s.), sənaye malları və turizm xidmətləri təklif etməyə çalışır. Həmçinin Azərbaycan Çində keçirilən beynəlxalq sərgilərdə, o cümlədən Çin Beynəlxalq İdxal Sərgisi (CIIE) kimi platformalarda mütəmadi iştirak edir. Bu, Azərbaycan məhsullarının tanıdılması və bazar payının artırılması üçün vacib addımdır. Ticarət evləri və logistika əməkdaşlığı da mühüm əhəmiyyət kəsb edir. Azərbaycan artıq Çində 6 Ticarət Evi açıb və bu platforma yerli məhsulların tanıdılması və satışını təşviq edir. Bundan əlavə, logistika və nəqliyyat əməkdaşlığı, xüsusilə Orta Dəhliz vasitəsilə ticarətin sürətləndirilməsinə xidmət edir.

Aybəniz Rüstəmova,

Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq

kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent


Sizin reklam burada
Sizin reklam burada