"44-günlük Vətən müharibəsində qazandığımız şanlı qələbəmiz nəticəsində azad edilən torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri davam etdirilir. Heç şübhəsiz ki, bu prosesin əsas istiqamətlərindən biri də strateji əhəmiyyətə malik olan Zəngilan rayonunun yenidən qurulması və yaxın illərdə tam yaşayış üçün hazır bölgəyə çevrilməsidir."
Politoloq Aytən Qurbanova bu sözləri News365.az-a açıqlamasında deyib.
"Azərbaycanın Cənub-Qərbində Araz çayı boyunca yerləşən Zəngilan rayonunun Zəngəzur dəhlizinə yaxınlığı onun regional əhəmiyyətini kifayət qədər artıran önəmli məqamdır. Rayonun bu cür coğrafi mövqeyi onun bərpasını milli təhlükəsizlik, nəqliyyat və enerji kommunikasiyaları nöqteyi-nəzərindən xüsusi prioritetə çevirir. Bildiyimiz kimi, “Böyük Qayıdış” proqramı çərçivəsində Zəngilanda mərhələli məskunlaşma prosesi uzun müddət öncə başlayıb. Ağalı kəndində “ağıllı kənd” konsepsiyası uğurla tətbiq edilib və yüzlərlə ailə doğma yurdlarına qayıdıb. Bu model rayonun digər ərazilərində də müasir və dayanıqlı məskunlaşma üçün presedent yaradır. Yaşayış üçün təhlükəsiz mühitin formalaşdırılması məqsədilə ANAMA tərəfindən mina təmizləmə işləri də mərhələli şəkildə aparılır. Bu tədbirlər bölgədə təhlükəsiz və davamlı yaşayışın təmininə xidmət edir. Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi isə bölgənin regional və beynəlxalq əlaqələrini gücləndirən mühüm hadisədir.
Nəticə etibarilə, həyata keçirilən layihələrin miqyası onu deməyə əsas verir ki, Zəngilan yaxın illərdə yaşayış üçün tam hazır, müasir və inkişaf etmiş bölgəyə çevriləcək. Cənab Prezidentin “Biz bu torpaqlara qayıtmışıq və əbədi yaşayacağıq” fikri Zəngilanın və bütün işğaldan azad edilmiş torpaqlarımızın inkişafının ideoloji və strateji təməlini təşkil edir. Onu da mütləq şəkildə qeyd etmək lazımdır ki, bu proses yalnız işğaldan azad edilmiş torpaqların bərpası deyil, həm də milli iradə və ərazi bütövlüyümüzün təntənəsidir."-deyə fikirlərini bildirib.