“Zelenski istədiyi nəticəni ala bilmədi, ABŞ-ın dəstəyi azalır”.
Politoloq Sultan Zahidov News365.az-a açıqlamasında bildirib ki, Zelenski cümə günü ABŞ rəsmiləri ilə keçirdiyi görüşdə gözlədiyi nəticəni əldə edə bilməyib.
Onun sözlərinə görə, Ukrayna lideri ümid edirdi ki, həmin görüşdən sonra ABŞ Ukraynaya olan hərbi və maliyyə dəstəyini artıracaq, o cümlədən Tomahawk raketlərinin verilməsinə yaşıl işıq yanacaq.
Zahidov qeyd edib ki, son zamanlar ABŞ və Avropa dövlətlərinin Ukraynaya göstərdiyi hərbi yardımın azalması ölkənin cəbhə zonasındakı döyüş əməliyyatlarına da mənfi təsir göstərib:
“Rusiya qüvvələri az da olsa bəzi məntəqə və kəndləri ələ keçirir. Ukraynalılar uzun müddətdir ki, genişmiqyaslı əks-hücum əməliyyatı həyata keçirmir. Bu, onların hərbi imkanlarının tükənmək üzrə olması və Rusiyanın dərinliklərinə zərbə endirmək imkanının məhdudluğundan irəli gəlir”.
Politoloqun fikrincə, ABŞ administrasiyası Ukraynaya dolayısı ilə yardım göstərir:
“Donald Trampın bəyanatları fonunda yardım prosesi bir qədər fərqli şəkildə davam edir. Silahların və texnikanın bir hissəsi Avropa üzərindən Ukraynaya çatdırılır. Bu isə yardımın miqdarının azalmasına və logistika baxımından müəyyən çətinliklərin yaranmasına səbəb olur. Nəticədə Ukraynanın vəziyyəti daha da mürəkkəbləşib”.
Sultan Zahidov vurğulayıb ki, Zelenski Trampla görüşdə ümidi var idi ki, ortaq məxrəcə gəlmək mümkün olacaq, lakin bu baş verməyib:
“Donald Tramp görünür, Putinlə görüş ərəfəsində daha neytral mövqe nümayiş etdirmək taktikasını seçib. O, beləliklə, özünü Putinə neytral tərəf kimi göstərməyə çalışır. Zelenski isə Trampın diqqətini cəlb etmək və ABŞ yardımını artırmaq məqsədilə Putini Həmasdan daha təhlükəli təhdid kimi təqdim edib. Əslində bu reallığa əsaslanır, çünki Həmas bir qruplaşmadır, Rusiya isə qlobal güclərdən biridir”.
Politoloq əlavə edib ki, məsələnin mahiyyəti ondadır ki, Rusiya kim üçün təhlükədir:
“Rusiya Ukrayna üçün təhlükədirsə, bu, mütləq şəkildə ABŞ üçün də eyni dərəcədə təhlükə demək deyil. ABŞ Rusiyaya fərqli prizmadan baxır və bəlkə də əsas təhlükəni başqa ölkələrdə görür. Buna görə də təhlükə anlayışı nisbidir”.
Sultan Zahidov bildirib ki, bu çağırışın ABŞ-Ukrayna-Rusiya münasibətlərinə ciddi təsir göstərəcəyi gözlənilmir:
“Hazırkı vəziyyət onsuz da gərgindir və müharibə davam edir. ABŞ tərəfləri danışıqlar masasına gətirməyə çalışsa da, bu mərhələdə hər hansı sülhün əldə olunması real görünmür. Çünki Rusiya tərəfi ən azı Donbasdan Ukrayna qüvvələrinin çıxmasını tələb edir”.