Azərbaycan Avropa institutlarının destruktiv siyasətini ifşa edib

Azərbaycan Avropa institutlarının destruktiv siyasətini ifşa edib
10:47

Azərbaycan–Avropa İttifaqı münasibətləri və Avropa institutlarının Cənubi Qafqaz siyasəti son dövrlərdə daha çox müzakirə olunan mövzulardandır. Xüsusilə Avropa Siyasi Birliyi çərçivəsində keçirilən görüşlər və Azərbaycanın bu platformadakı mövqeyi fonunda səslənən bəyanatlar regional diplomatik gündəmi daha da aktuallaşdırıb. Bu kontekstdə Avropa Parlamentinin fəaliyyəti və sülh prosesinə yanaşmalar da siyasi müzakirələrin əsas istiqamətlərindən birinə çevrilib.

Azərbaycanın beynəlxalq müstəvidə həyata keçirdiyi müstəqil və suveren siyasət bəzi dairələr tərəfindən qəbul edilmir və narazılıqla qarşılanır.

Bunu Milli Məclisin deputatı Tural Gəncəliyev News365.az-a açıqlamasında deyib.

Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Siyasi Birliyi çərçivəsində səsləndirdiyi fikirlər xüsusilə Avropa ParlamentiAvropa Şurası Parlament Assambleyası ilə bağlı mühüm mesaj xarakteri daşıyıb.

Onun sözlərinə görə, dövlət başçısı həmin çıxışında Avropa Parlamentinin fəaliyyətini tənqid edərək qurumun yanlış siyasət yürütdüyünü açıq şəkildə bəyan edib:

“Bu, Avropa institutlarının fəaliyyəti ilə bağlı verilən ən açıq və sərt mesajlardan biri idi”.

Tural Gəncəliyev qeyd edib ki, Avropa Parlamentində daha çox populist və siyasi karyerasında uğur qazana bilməyən siyasətçilərin toplaşdığı müşahidə olunur.

Deputat vurğulayıb ki, Azərbaycan bundan sonra əsas əməkdaşlığı Avropa Komissiyası və Avropa İttifaqına üzv dövlətlərlə davam etdirəcək:

“Artıq Avropa liderləri və üzv ölkələr Azərbaycana səfərlər edir və əməkdaşlıq real müstəvidə inkişaf edir”.

O, həmçinin İtaliyanın baş naziri Corcia Meloninin Bakıya səfərini xatırladaraq bunun iki ölkə arasında strateji tərəfdaşlığın göstəricisi olduğunu bildirib.

Deputat əlavə edib ki, Azərbaycan sülh gündəliyinə sadiqdir və regionda sabitliyin təmin olunması istiqamətində addımlar davam etdirilir:

“Azərbaycan və Ermənistan sülh prosesini dəstəklədiyi halda, bəzi Avropa institutlarının destruktiv yanaşması bu prosesi kölgədə qoya bilməz”.


Sizin reklam burada
Sizin reklam burada