Türkiyədə İstanbul prokurorluğunun investisiya fondları ilə bağlı apardığı istintaq çərçivəsində yeni qərar qəbul edilib.
Türkiyənin tanınmış müğənnisi Mustafa Sandalın qayınanası Reyhan Sütşurupun bank hesabında olan üç milyon dolların müsadirə edilib.
Məlumata görə, Mustafa Sandalın həyat yoldaşı Melis Sütşurup Sandal və onun atası, iş adamı Cihan Sütşurupun "TERA Portföy" fondları vasitəsilə təxminən 3 milyard lirə qanunsuz gəlir əldə etdikləri iddia olunur. Ailə nümayəndələri əldə edilən vəsaiti geri qaytarmaq üçün hüquq-mühafizə orqanlarına müraciət ediblər.
İş materiallarına daxil edilmiş rəsmi hesab cədvəllərinə əsasən, Melis Sütşurup Sandalın 2026-cı ildə "TERA Portföy"ün TLY fonduna 13 milyard 673 milyon lirə yatırdığı, hesabdan isə 15 milyard 793 milyon lirə vəsait çıxardığı bildirilir. Məlumatda onun xalis gəlirinin 2 milyard 355 milyon lirə olduğu qeyd olunur.
Cihan Sütşurupun isə fonda 3 milyard 707 milyon lirə yatıraraq 639 milyon lirə gəlir əldə etdiyi və gəlir siyahısında altıncı yerdə qərarlaşdığı iddia edilir.
Ümumilikdə təxminən 3 milyard lirəyə çatan maliyyə əməliyyatları ilə bağlı istintaq çərçivəsində ifadə vermək çağırışlarına cavab vermədikləri əsas gətirilərək ata və qızı barəsində həbs qərarlarının çıxarıldığı, onların əmlakına həbs qoyulduğu bildirilir. Xaricdə olduqları deyilən Melis Sütşurup Sandal və Cihan Sütşurupun vəkilləri vasitəsilə əldə etdikləri gəliri geri qaytarmaq istədiklərini prokurorluğa çatdırdıqları qeyd olunur.
Geri ödəniləcək yekun məbləğin nə qədər olacağı və bunun istintaqın gedişinə necə təsir edəcəyi hələlik məlum deyil. Araşdırmanın davam etdiyi bildirilir.
Mustafa Sandal isə daha əvvəl açıqlamasında həyat yoldaşı ilə arasında maliyyə ortaqlığının olmadığını deyib. Müğənni 32 ildir musiqi sənayesində yalnız öz əməyi hesabına fəaliyyət göstərdiyini, həyat yoldaşı ilə ailə münasibətlərindən başqa heç bir maliyyə əlaqəsinin və ya kommersiya ortaqlığının olmadığını vurğulayıb.