"Hazırda Qarabağda 30 mindən artıq insan yaşayır"- Millət Vəkili

"Hazırda Qarabağda  30 mindən artıq insan yaşayır"- Millət Vəkili
13:03

"İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək 5 Milli Prioritetindən biri kimi müəyyən olunub. 30 ilə yaxın işğal altında qalan Qarabağ və Şərqi Zəngəzur bu gün özünün yeni inkişaf dövrünü yaşayır. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış üzrə I Dövlət Proqramı uğurla icra olunur. İki gün əvvəl Prezident İlham Əliyevin Ağdam, Əsgəran, Xankəndi və Xocalıya səfəri zamanı gördüyümüz mənzərə bunu bir daha təsdiqlədi."

Millət Vəkili Nigar Məmmədova bunu News365.az-a açıqlamasında deyib.

Dövlət başçımız bu ərazilərdə yeni infrastruktur layihələrininin təməlini qoydu. Eyni zamanda cənab Prezident Xocalıda Ballıca kəndində sakinlərlə görüşdü və bir daha bəyan etdi ki, “Vətən həsrəti ilə yaşamış insanlar üçün ən yaxşı şəraiti yaratmaq dövlətimizin borcudur.” Prezidentin yerli əhali ilə səmimi görüşü, sakinlərin qonağı olması xüsusi əhval-ruhiyyə yaratmaqla yanaşı, həm də keçmiş məcburi köçkünlərə mənəvi dəstəkdir.

Bütün keçmiş məcburi köçkün soydaşlarımız işğalın, müharibənin ağır nəticələrindən əziyyət çəkib. Amma dəhşətli soyqırıma məruz qalan Xocalı sakinlərinin əziyyətini dövlət başçımız xüsusi vurğuladı. “Bütün azad edilmiş ərazilərimiz kimi, Xocalını azad etmək də hər zaman gündəlikdə duran məsələ olub”, söylədi. 2023-cü il antiterror əməliyyatından sonra azad olunan Xocalıda bu gün sürətli bərpa-quruculuq işləri aparılır. İşğaldan sonra artıq bərpa olunan 10-cu yaşayış məntəqəsi kimi Ballıca kəndinə də yeni həyat qayıdıb. Burada 460 keçmiş köçkün burada yerləşib, 137 ev bərpa edilib və əlavə təqribən 60-a yaxın ev də bərpa olunacaq.

Ümumiyyətlə, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması, orada layiqli şəkildə yaşaması üçün genişmiqyaslı tədbirlər görülür. Dövlət başçımızın da bəyan etdiyi kimi, təqribən 2-3 ildən sonra əsas infrastruktur layihələri başa çatacaq və ondan sonra yaşayış fondunun yaranmasına istiqamətləndiriləcək məbləğ daha böyük olacaq.

Hazırda Qarabağda və Şərqi Zəngəzurda ümumilikdə, 30 mindən artıq insan yaşayır. 2025-ci ilin sonuna qədər daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş məcburi köçkün qayıdacaq, beləliklə 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaq.

İrimiqyaslı infrastruktur layihələri azad olunmuş əraziləri regionun ən inkişaf etmiş bölgəsinə çevirməkdədir. Bütövlükdə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq. Azad olunmuş ərazilərə qayıdan insanların məşğulluğunun təmin olunması da əsas prioritetlərdən biridir. Yaşayış kompleksləri  ilə yanaşı istifadəyə verilən və yeni inşa olunan sosial obyektlər həm də yeni iş yerləridir.

Təsadüfi deyil ki, cənab Prezident Xankəndiyə səfəri zamanı burada fəaliyyət göstərən və mütləq əksəriyyəti qadınlar olmaqla 200-dən çox işçisi olan tikiş fabriki ilə də tanış oldu. Yeri gəlmişkən, Xankəndidə eyni zamanda mütəmadi olaraq, peşə hazırlığı kursları da təşkil olunur və kursları uğurla başa vuran şəxslər tikiş fabrikində işlə təmin olunur. Ümumilikdə isə burada 800 iş yeri yaradılacaq.

Bir sözlə, burada həyata keçirilən bütün tədbirlər öz doğma yurduna qayıdan soydaşlarımızın layiqli həyat şəraitini təmin etməkdir. Uğurla həyata keçirilən Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş əraziləri ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir.

İllər boyu vətən həsrəti ilə yaşayan  soydaşlarımızın, onların övladlarının öz doğma yurduna dönməsi, burada həyata davam etməsi, qurub-yaratması əvəzedilməz hissdir. Biz cənab Prezidentlə Ballıca sakinlərinin görüşündə də bu səmimi emosiyaların şahidi olduq.



Sizin reklam burada
Sizin reklam burada