Abşeron rayonunda 28 yaşlı kişi qeyri-rəsmi ər-arvad münasibətində olduğu qadına xəsarət yetirib.
News365.az-ın məlumatına görə, hadisə Abşeron rayonu, Masazır kəndi, S.Ə. Şirvani küçəsində baş verib.
Kürdəmir rayon sakini, 1998-ci il təvəllüdlü Məhəmməd yaşadığı fərdi evin yataq otağında onunla qeyri-rəsmi ər-arvad münasibətində yaşayan Hicranla (adlar şərtidir – red.) mübahisə edib.
İstintaq sənədlərinə görə, həmin vaxt Hicran Məhəmmədi başqa qadınlarla ünsiyyət saxlamaqda, ona qayğı göstərməməkdə günahlandırıb və evə gec gəlməsinə irad bildirib. Bu səbəbdən aralarında qısqanclıq və şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Məhəmməd yumruqla qadının sifət, boğaz və baş nahiyələrinə, təpiklə isə hər iki ayağına zərbələr endirərək ona xəsarət yetirib.
Məhəmməd barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Məhəmməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində Hicranla təxminən iki ildir tanış olduğunu və onunla qeyri-rəsmi ər-arvad münasibətində yaşadığını bildirib.
"Birgə münasibətimizdən övladımız yoxdur. Son zamanlar Hicranla yaşadığımız evdə tez-tez mübahisələrimiz yaranıb. O, mütəmadi olaraq məni əsassız yerə qısqanıb, evə gec gəlməkdə və başqa qadınlarla münasibət qurmaqda günahlandırıb".
Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə günü gecə saat 04:30 radələrində yaşadığı evə gəlib.
"Hicran məni yenidən evə gec gəlməkdə və başqa qadınlarla münasibət qurmaqda günahlandırdı. Bu səbəbdən aramızda mübahisə yarandı. Mübahisə zamanı əsəbiləşdiyim üçün əl və yumruq zərbələri ilə onun sifət, boğaz, baş və bədəninin müxtəlif nahiyələrinə, habelə təpiklə ayaqlarına zərbələr endirərək onu döydüm və xəsarət yetirdim. Bundan sonra etdiyim hərəkətdən peşman olduğum üçün bir neçə gün Hicranın müalicəsi üçün dərmanlar aldım".
Təqsirləndirilən şəxs qeyd edib ki, sonrakı günlərin birində səhər saatlarında Hicranla aralarında yenidən şifahi mübahisə baş verib və buna görə də Hicran polisə şikayət edib. O, ifadəsində mübahisə və münaqişə zamanı Hicranın onu vurmadığını, həmin vaxt yanlarında başqa şəxsin olmadığını və münaqişə zamanı səs-küy yaranmadığını deyib. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə peşman olduğunu bildirib.
İş üzrə zərərçəkmiş Hicranın sözlərinə görə, əvvəllər evli olub, boşanıb və ilk nikahından bir övladı var.
"Təxminən iki ildir ki, Məhəmmədlə tanışam və onunla qeyri-rəsmi ər-arvad münasibətində yaşayıram. Həmin münasibətdən övladım yoxdur. Hadisədən təxminən bir ay əvvəl Məhəmmədlə aramızda tez-tez mübahisələr yaranmağa başladı. O, mənə lazımi diqqət və qayğını göstərməyib, evə gec-gec gəlib. Bunlara görə ona irad bildirdikdə aramızda mübahisə yaranıb".
Zərərçəkmiş şəxs ifadəsində bildirib ki, hadisə günü gecə saat 04:30 radələrində Məhəmməd onun yaşadığı ünvana gəldikdə ondan evə niyə gec gəldiyini soruşub.
"Bu zaman Məhəmməd kobud şəkildə cavab verərək, ‘Özüm bilərəm, nə vaxt gələrəm", – dedi. Bu səbəbdən aramızda şifahi mübahisə baş verdi. Mübahisə zamanı Məhəmməd üstümə gələrək əl və yumruq zərbələri ilə sifət, boğaz, baş və bədənimin müxtəlif nahiyələrinə, təpiklə isə ayaqlarıma zərbələr endirərək məni döydü və xəsarət yetirdi. Bundan sonra Məhəmməd bir neçə gün mənə xoş münasibət göstərdi ki, onun barəsində şikayət etməyim. Daha sonrakı gün Məhəmmədlə aramızda yenidən şifahi mübahisə baş verdiyi üçün Abşeron Rayon Polis İdarəsinə gedərək onun barəsində şikayət etdim".
Abşeron Rayon Məhkəməsinin hökmü ilə Məhəmməd 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Hökmdə qeyd olunub ki, təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində hər gün saat 22:00-dan 07:00-dək yaşayış yerini, eləcə də Bakı şəhərinin və Abşeron rayonunun ərazisini tərk etmək qadağan olunub.
Bundan başqa, ona elektron nəzarət vasitəsini gəzdirmək və onun işlək vəziyyətdə saxlanılmasını təmin etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.