Bu ölkədə bir milyard avroluq stadionun açılışı qalmaqal yaratdı

Bu ölkədə bir milyard avroluq stadionun açılışı qalmaqal yaratdı
15:00

Keniyada yeni stadionun açılışı münasibətilə "Ayaks" və "Bayern" arasında keçiriləcək yoldaşlıq oyunu ölkədə müzakirələrə səbəb olub. Keçmiş vitse-prezident Riqati Qahaqua dövlət vəsaiti hesabına tikilən arenanın ilk matçında yerli klubların və ya milli komandanın iştirak etməməsini tənqid edib.

News365.az xəbər verir ki, Amsterdam təmsilçisi ilə Münhen klubu 2027-ci il yanvarın 5-də Nayrobidəki 60 min tamaşaçı tutumuna malik "Raila Odinga International Stadium"da qarşılaşacaq. "Talanta Stadium" kimi də tanınan arena gələn il keçiriləcək Afrika Millətlər Kubokunun oyunlarına ev sahibliyi edəcək.

Məlumata görə, qarşılaşmada iştirakına görə "Bayern"ə 5 milyon avro ödəniləcək. Keniya mediası "Ayaks"ın isə təxminən 2,5 milyon avro qazanacağını yazır.

Oyunun təşkili Qahaquanın narazılığına səbəb olub. O, yerli mediaya açıqlamasında stadionun tikintisinə 145 milyard Keniya şillinqi, başqa sözlə, təxminən 1 milyard avro xərcləndiyini xatırladıb. Keçmiş vitse-prezident hesab edir ki, açılış matçında məhz Keniya futbolu təmsil olunmalı idi.

"Bir stadionun pulunu Keniya vergi ödəyiciləri ödədiyi halda, ilk oyunu necə əcnəbilər keçirə bilər?" deyə o bildirib.

Qahaqua ölkənin "Gor Mahia" və "AFC Leopards" kimi klublarının niyə nəzərə alınmadığını da sorğulayıb. Onun fikrincə, açılışda yerli komandalar qarşılaşmalı, yaxud Avropa klublarından biri Keniya millisi – "Harambee Stars"la üz-üzə gəlməli idi.

Keçmiş vitse-prezident bu qərarın ölkənin milli kimliyi və vətənpərvərlik ruhu baxımından suallar yaratdığını vurğulayıb.

"Ayaks" isə dəvəti məmnuniyyətlə qəbul etdiyini açıqlayıb. Amsterdam klubu qarşılaşmanı yeni stadionun açılışı, beynəlxalq futbolun iki tanınmış təmsilçisinin görüşü və Keniyanın Afrika Millətlər Kubokuna hazırlığı baxımından əlamətdar hadisə kimi qiymətləndirib. "Bayern" də matçı Afrika azarkeşləri ilə əlaqələri gücləndirmək imkanı hesab edir.


Sizin reklam burada
Sizin reklam burada