Ali dini lider İran prezidentini niyə dayandırdı?

Ali dini lider İran prezidentini niyə dayandırdı?
02 Mar 2025 18:30

İran Prezidenti Məsud Pezeşkian parlamentdəki son çıxışında ABŞ-la nüvə sazişi ilə bağlı dialoqu bərpa etmək istədiyini, lakin ali dini lider Əli Xameneinin buna qarşı çıxdığını bildirib. Pezeşkianın sözlərinə görə, o, ABŞ-la danışıqlara başlamağı məqsədəuyğun hesab etsə də, Xamenei buna icazə verməyib:

"Düşündüm ki, dialoqa girmək daha yaxşıdır, amma ali rəhbər dedi ki, biz ABŞ-la danışmayacağıq."

Tanınmış siyasi şərhçi Elxan Şahinoğlu bu məsələyə münasibət bildirərək qeyd edib ki, İran Prezidenti Vaşinqtonla dialoqun mümkün olduğunu vurğuladıqdan sonra ali dini lider ona açıq şəkildə qarşı çıxıb və “Vaşinqtonla danışıqlar ağılsızlıqdır” ifadəsi ilə faktiki olaraq Prezidentin mövqeyini bloklayıb.

Elxan Şahinoğlu əlavə edib ki, əgər xalqın seçdiyi Prezident bir qrup mollanın təyin etdiyi şəxsin göstərişləri ilə hərəkət edəcəksə, onda o, vəd etdiyi islahatları necə həyata keçirəcək? O, ehtimal edir ki, ali dini liderin növbəti əmri yenidən “Hizbullah” və “Həmas” kimi qruplaşmalara milyardlarla maliyyə və silah göndərmək ola bilər ki, bu da ölkənin iqtisadi problemlərinin daha da dərinləşməsinə gətirib çıxaracaq.

Pezeşkian çıxışı zamanı həmçinin bildirib ki, İran qonşu ölkələrlə iqtisadi və ticarət əlaqələrini genişləndirərək ağır iqtisadi vəziyyətdən çıxmağı planlaşdırır. Ancaq eyni zamanda İran silahlı qüvvələrinin komandanı Məhəmməd Baqeri ABŞ və İsrailin bölgədəki müttəfiqlərinə qarşı sərt ritorikadan istifadə edib.

Elxan Şahinoğlu qeyd edir ki, İran hakimiyyətinin ikili siyasəti ölkənin iqtisadi islahatlar aparmasını  çətinləşdirir və regional gərginliyin artmasına səbəb olur.



Sizin reklam burada
Sizin reklam burada