"Mən hesab edirəm ki, dünən Vaşinqtonda baş tutan Zelenski-Tramp görüşündə, əslində, ilk görüş üçün hər hansı bir müqavilənin imzalanmasını gözləmək absurddur. Faktiki olaraq, bunu görüşün ilk mərhələsi adlandırmaq olar. Tramp və Zelenski arasında ümumi bir gərginlik var idi və bu, artıq uzun müddətdir ki, mətbuat nümayəndələri önündə baş verən qarşılıqlı incik açıqlamaların ilk dəfə canlı üzdən-üzə görüşdə əyani şəkildə özünü göstərməsi idi."
Politoloq Tural İsmayılov bunu News365.az-a açıqlamasında deyib.
"Ukrayna öz şərtlərinin daha çox yerinə yetirilməsini istəyir və təbii ki, buna görə də bir neçə görüşdə nəticə əldə olunacağını gözləmək doğru olmazdı. Çünki bu gün faktiki olaraq Ukraynanın əraziləri işğal altındadır və ona görə də Ukrayna ən sərfəli və əlverişli şərtlərlə prosesin öz xeyrinə olmasına çalışır. Buna görə də növbəti mərhələlərdə görüşlərin daha mürəkkəb xarakter alacağını düşünürəm və yaxın 3-4 ay ərzində ciddi bir çərçivə sazişinin və ya Rusiya-Ukrayna arasında əhəmiyyətli bir müqavilənin imzalanacağını gözləmirəm.
Faktiki olaraq, bu gün Avropanın Ukraynaya dəstəyi olsa da, Ukrayna yaxşı başa düşür ki, müharibəni davam etdirməyin indiki məqamda heç bir mənası yoxdur. Baxmayaraq ki, Makron başda olmaqla bəzi Qərbi Avropa liderləri gərginliyin qalmasında və müharibənin davam etməsində maraqlıdır, Zelenski də fərqindədir ki, Ukraynanın da resursları məhduddur və indiki şərtlərlə müharibəni davam etdirmək çox çətindir.
Digər tərəfdən isə Türkiyənin mövqeyi həmişə obyektiv olub. Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib və məhz Türkiyənin səyləri nəticəsində müharibə başlayan kimi taxıl sazişi imzalandı ki, bu da bütün dünyanı ciddi bir böhrandan xilas etdi. Zelenski başa düşür ki, Türkiyə obyektiv və etibarlı moderator ola bilər. Çünki Türkiyə həm Ukraynanın ərazi bütövlüyünü tanıyır, həm də NATO üzvü olsa da, Rusiya ilə münasibətlərini kəskinləşdirmir.
Bu baxımdan düşünürəm ki, Zelenski istəyir ki, Türkiyənin moderatorluğu altında ədalətli şərtlərlə anlaşmalar imzalansın. Amma eyni zamanda ABŞ və Ukrayna arasında da müqavilə imzalanacaq. Çünki Trampın əsas hədəflərindən biri də Ukraynanın təbii sərvətlərinin ABŞ tərəfindən istifadə edilməsidir."