ABŞ və İran arasında əldə olunan 14 maddəlik memorandum hər iki ölkədə mövcud olan siyasi fikir ayrılıqları səbəbindən uzunömürlü olmaya bilər.
Bu fikirləri politoloq, hərbi ekspert İlham İsmayıl News365.az-a açıqlamasında səsləndirib.

Onun sözlərinə görə, həm ABŞ-də, həm də İranda memorandumun əleyhdarları kifayət qədərdir və bu, razılaşmanın gələcəyini sual altında qoyur.
"Bu memorandum hər iki tərəf üçün siyasi və iqtisadi risklər yaradır. Ona görə də istənilən vaxt 14 maddəlik memorandum ləğv oluna bilər. Çünki hər iki tərəfdə bu razılaşmaya münasibət birmənalı deyil", – deyə İ. İsmayıl bildirib.
Ekspert qeyd edib ki, memorandum imzalandıqdan sonra İran hakimiyyəti daxilində də fikir ayrılığı yaranıb.
"İranda hakimiyyət daxilində bu razılaşmaya etiraz edən qüvvələr var. Hətta Ali dini lider Ayətullah Əli Xameneinin adından müxtəlif açıqlamalar səsləndirildi və məsuliyyətin onun üzərinə yönəldilməsi cəhdləri müşahidə olundu", – o bildirib.
İlham İsmayılın sözlərinə görə, ABŞ-də də Konqres üzvlərinin bir qismi bu sənədi Vaşinqtonun strateji maraqlarına uyğun hesab etmir.
"Amerikada konqresmenlərin əksəriyyəti bunu ABŞ üçün strateji zəiflik kimi qiymətləndirir və hesab edir ki, belə bir razılaşma ölkənin qlobal nüfuzuna mənfi təsir göstərə bilər", – deyə ekspert vurğulayıb.
O əlavə edib ki, tərəflər arasında keçirilən görüşlər müəyyən nikbinlik yaratsa da, sonrakı hadisələr vəziyyətin nə qədər kövrək olduğunu nümayiş etdirdi.
"Fransada keçirilən görüşdən sonra, daha sonra İsveçrədə təmasların davam etdirilməsi planlaşdırılırdı. Lakin hadisələrin inkişafı göstərdi ki, İranda vahid mövqe formalaşmayıb. Bundan sonra baş verən insidentlər vəziyyəti yenidən gərginləşdirdi və ABŞ üçün yeni bəhanələr yarandı", – deyə İlham İsmayıl bildirib.
Hərbi ekspert vurğulayıb ki, hərbi əməliyyatlar problemin həlli anlamına gəlmir.
"Hər iki tərəfin ciddi siyasi və iqtisadi riskləri var. ABŞ hərbi üstünlüyə malik olsa da, belə əməliyyatların siyasi və iqtisadi qiyməti kifayət qədər ağırdır. Buna görə də hərbi zərbələr münaqişənin yekun həlli demək deyil", – deyə o qeyd edib.