Bolqarıstan hökuməti ABŞ-nin Yaxın Şərqdəki əməliyyatlarına logistika dəstəyi məqsədilə ölkə ərazisində Amerika hərbi təyyarələrinin yerləşdirilməsi üçün parlamentdən icazə istəyəcək.
News365.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, hökumət ABŞ-yə məxsus səkkizədək yanacaqdaşıyan hərbi təyyarənin Bezmer hərbi aviabazasında yerləşdirilməsinə razılıq verilməsi üçün parlamentə müraciət etməyi planlaşdırır.
Qeyd olunub ki, bundan əvvəl həmin təyyarələr parlamentin razılığı olmadan Sofiya yaxınlığındakı mülki hava limanında yerləşdirilmişdi. Bu isə ölkə daxilində siyasi mübahisələrə səbəb olmuşdu.
Bildirilir ki, yeni qərarın ABŞ ilə İran arasında gərginliyin artdığı bir dövrə təsadüf etməsi diqqət çəkir. Təyyarələrin bu dəfə hərbi bazada yerləşdirilməsi ABŞ-nin Yaxın Şərqdə həyata keçirdiyi əməliyyatlara logistika dəstəyinin gücləndirilməsi məqsədi daşıyır.