İranın Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən (NPT) çıxmaq ehtimalı Vaşinqtonla Tehran arasında onsuz da gərgin olan münasibətlərə yeni müstəvi qazandırıb. Belə bir addım yalnız iki ölkə arasındakı qarşıdurmanı dərinləşdirməklə kifayətlənməyə, həm də Yaxın Şərqdə nüvə təhlükəsizliyi və regional güc balansı baxımından ciddi nəticələr doğura bilər.
İran parlamentinin NPT-dən çıxışı nəzərdə tutan qanun layihəsini təcili qəbul etməyə hazır olması, eləcə də Beynəlxalq Atom Enerjisi Agentliyi ilə münasibətlərdə etimadın zəifləməsi Tehranın nüvə siyasətində mümkün dəyişikliklərin anonsu kimi qiymətləndirilir. Bu fonda əsas sual ABŞ-nin İranla qarşıdurmada hansı yolu seçəcəyi və tərəflərin diplomatik razılaşmaya nə dərəcədə yaxın olduğudur.
News365.az xəbər verir ki, mövzu ilə bağlı politoloq, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü Əli Zülfüqaroğlu açıqlama verib.

Politoloqun sözlərinə görə, ABŞ ilə İran arasında əsas fikir ayrılıqlarından biri nüvə proqramı, xüsusilə də uranın zənginləşdirilməsi məsələsidir. Vaşinqton və İsrail Tehranın nüvə silahı əldə etmək ehtimalını təhlükə kimi təqdim etsə də, İran bu iddiaları rədd edir və nüvə fəaliyyətinin dinc məqsədlər daşıdığını bildirir.
Əli Zülfüqaroğlu hesab edir ki, İranla ABŞ və İsrail arasında baş vermiş hərbi qarşıdurmadan sonra regionda yaranan yeni vəziyyət Vaşinqtonun mövqeyini də mürəkkəbləşdirib. Xüsusilə Hörmüz boğazı ətrafındakı gərginlik ABŞ-nin iqtisadi maraqlarına mənfi təsir göstərir. Yanacaq qiymətlərində mümkün artımların ABŞ-də daxili siyasi müzakirələrə də təsir etdiyini deyən politoloq vurğulayıb ki, Vaşinqton Tehranın həm Hörmüz boğazı, həm də zənginləşdirilmiş uran məsələsində güzəştə getməsinə çalışır. Lakin İran hələlik mövqeyindən geri çəkilmək niyyətində görünmür.
Onun fikrincə, ABŞ-nin məhdud hərbi zərbələri İrana təzyiq vasitəsi kimi qiymətləndirilə bilər. Bununla yanaşı, diplomatik təmasların davam etməsi tərəflərin siyasi həll imkanlarını tamamilə gündəmdən çıxarmadığını göstərir.
Politoloq ABŞ-nin İranla bağlı siyasətində üç mümkün ssenarinin ön plana çıxdığını bildirib:
Birinci ssenari – diplomatik razılaşma. Bu variantda Vaşinqton İranın maraqlarını da nəzərə alaraq müəyyən güzəştlərə getməli olacaq. Lakin belə bir razılaşma ABŞ-nin indiyədək irəli sürdüyü maksimal tələblərdən geri çəkilməsi kimi qiymətləndirilə bilər.
İkinci ssenari – məhdud hərbi zərbələr və iqtisadi təzyiqlər. Bu yanaşma hərbi eskalasiyanı genişləndirmədən Tehrana təzyiq göstərilməsini nəzərdə tutur. Politoloq hazırkı şəraitdə məhz bu variantın daha real olduğunu düşünür.
Üçüncü ssenari – genişmiqyaslı hərbi qarşıdurma. Əli Zülfüqaroğlunun qənaətinə görə, belə bir addım ABŞ üçün ciddi siyasi və iqtisadi risklər yarada, regionda vəziyyəti daha da nəzarətdən çıxara bilər.
Ekspert qeyd edib ki, İran da Vaşinqtonla problemin həllində maraqlıdır, lakin bunun ABŞ-nin müəyyən güzəştləri hesabına baş verməsinə çalışır. Tehranın ABŞ-nin regiondakı hərbi bazalarını, şirkətlərini və enerji infrastrukturunu hədəfə ala biləcəyi ilə bağlı açıqlamaları da Vaşinqtona qarşı təzyiq siyasətinin tərkib hissəsidir.
Zülfüqaroğlu hesab edir ki, ABŞ administrasiyasının İranın təhdidləri qarşısında geri çəkilməsi ölkə daxilində siyasi tənqidlərə yol aça bilər. Xüsusilə siyasi rəqiblər bunu Tramp administrasiyasının xarici siyasətdə zəifliyi kimi təqdim edə bilərlər. Bu səbəbdən tərəflərin qarşılıqlı təhdidləri və sərt bəyanatları diplomatik prosesə paralel davam edir.
Politoloq İranın mümkün nüvə silahlanmasının regional nəticələrinə də diqqət çəkib. Onun sözlərinə görə, Tehranın nüvə silahı əldə etməsi Türkiyə və Səudiyyə Ərəbistanı kimi regional güclərin də analoji imkanlar əldə etmək istəyini gücləndirə bilər. Bu isə Yaxın Şərqdə yeni nüvə silahlanması yarışına səbəb ola və ABŞ-nin regiondakı təsir imkanlarını zəiflədə bilər.
Ekspert bu kontekstdə Pakistanın da iştirak etdiyi Məkkə İttifaqının əhəmiyyətini vurğulayıb. Onun fikrincə, Pakistanın nüvə dövlət olması, Türkiyə və Səudiyyə Ərəbistanının isə bu əməkdaşlıq platformasında təmsil olunması İranın mümkün nüvə silahlanması fonunda regional təhlükəsizlik baxımından xüsusi əhəmiyyət daşıyır.
Əli Zülfüqaroğlu, həmçinin İranın yeni ali dini liderinin əvvəlki nüvə əleyhinə fətvaya yenidən baxa biləcəyi ilə bağlı mesajların diqqət çəkdiyini bildirib. Onun qənaətinə görə, bu cür açıqlamalar Tehranın nüvə siyasətində mümkün dəyişiklikləri Vaşinqtona qarşı təzyiq vasitəsi kimi istifadə etmək istəyindən qaynaqlana bilər.
Politoloq hesab edir ki, İran parlamentinin NPT-dən çıxmaq təşəbbüsü də bu strategiyanın tərkib hissəsi kimi qiymətləndirilməlidir. Beləliklə, ABŞ ilə İran arasında qarşıdurma hərbi və iqtisadi müstəvidən kənara çıxaraq diplomatiya və nüvə təhlükəsizliyi sahələrində də davam edir.