Azərbaycanla Ermənistan arasında komitələr yaradılır

Azərbaycanla Ermənistan arasında  komitələr yaradılır
19:40

“Sülh körpüsü” təşəbbüsü çərçivəsində İrəvanda keçirilən dəyirmi masa formatında müzakirələrin beşinci raundunda bir neçə istiqamət üzrə komitələrin yaradılması nəzərdə tutulub.

News365.az xəbər verir ki, bunu “Sülh körpüsü” təşəbbüsünün iştirakçısı, Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyəti sədrinin müaviniFərhad Məmmədov görüşün yekunları ilə bağlı jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, budəfəki görüş əvvəlkilərdən onunla fərqlənir ki, ümumi müzakirələrlə yanaşı, tematik komitələr də fəaliyyət göstərəcək.

Fərhad Məmmədov qeyd edib ki, komitələr ekologiya, iqtisadiyyat, infrastruktur, humanitar məsələlər və media istiqamətləri üzrə çalışacaqlar.

O bildirib ki, bu format çərçivəsində növbəti mərhələdə görülə biləcək işlər, dövlətlərə təqdim ediləcək təkliflər, mövcud fikir ayrılıqlarının aradan qaldırılması və sülh gündəliyinin genişləndirilməsi imkanları müzakirə olunur.

Fərhad Məmmədovun sözlərinə görə, təşəbbüsün əsas xüsusiyyətlərindən biri vətəndaş cəmiyyəti nümayəndələrinin dövlət rəsmiləri ilə birbaşa ünsiyyət qurmasıdır.

“Bizim dialoqumuz səmimi söhbət və bəlkə də həssas məsələlərin müzakirəsidir. Artıq elə bir mərhələyə çatmışıq ki, qapalı mövzularımız yoxdur. Bir-birimizə suallar verə və cavablar ala bilirik”, – o vurğulayıb.

O əlavə edib ki, görüş zamanı iştirakçılar Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyana iki saat ərzində suallar ünvanlayıblar.



Sizin reklam burada
Sizin reklam burada