Putinin nüvə çantası dünyaya hansı mesajı verdi? – Şərhçinin təhlili

Putinin nüvə çantası dünyaya hansı mesajı verdi? – Şərhçinin təhlili
12:47

Dünya siyasətində bəzən ən mühüm mesajlar rəsmi bəyanatlarla deyil, simvolik addımlar və protokol detalları ilə verilir. Rusiya prezidentinin nüvə çantası ilə görüntülənməsi də beynəlxalq münasibətlərdə gərginliyin artdığı bir vaxtda diqqət çəkən məqamlardan biri kimi qiymətləndirilir.

News365.az xəbər verir ki, siyasi şərhçi Əli Zülfüqaroğlu bu görüntünü Rusiyanın qlobal güc statusunu nümayiş etdirmək və böyük dövlətlər arasında geosiyasi proseslərin hələ də tam aydınlaşmadığını göstərmək cəhdi kimi dəyərləndirib.

Onun sözlərinə görə, yüksək səviyyəli görüşlərdə protokol qaydalarının hər bir detalı müəyyən məna daşıya bilər:

“Belə tədbirlərdə heç nə təsadüfi olmur. Protokolun özü də siyasi mesajların çatdırılması üçün istifadə edilə bilər. Putinin nüvə çantası ilə görüntülənməsi də dünyada geosiyasi böhranın dərinləşdiyi bir vaxtda Rusiyanın qlobal güc olduğunu xatırlatmaq və beynəlxalq güc mərkəzləri arasında hələ də bir çox məsələnin həllini tapmadığını göstərmək baxımından diqqətəlayiqdir”.

Siyasi şərhçi Rusiya ilə Çin arasındakı strateji tərəfdaşlığa da toxunub. O bildirib ki, Ukrayna müharibəsindən sonra iki ölkə arasında müxtəlif sahələri əhatə edən razılaşmalar imzalansa da, Moskva və Pekin Vaşinqtonla münasibətlərin daha da gərginləşməsində maraqlı deyillər.

Ə.Zülfüqaroğlunun fikrincə, xüsusilə Çin üçün ABŞ-la iqtisadi əlaqələrin qorunması mühüm əhəmiyyət daşıyır:

“Çin Tayvan məsələsinin daha da dərinləşməsini və ABŞ-la münasibətlərin hərbi qarşıdurma mərhələsinə keçməsini istəmir. Eyni zamanda, qlobal iqtisadi rəqabətdə olduğu Vaşinqtonla münasibətləri normallaşdırmağa və mövcud problemləri aradan qaldırmağa çalışır. Çünki ABŞ Çin üçün böyük və əhəmiyyətli bazardır.

İki ölkə arasındakı ticarət əlaqələrinin həcmi təxminən 500 milyard dollara yaxındır. Çinin ABŞ-a ixracı əks istiqamətdəki ixracı təxminən üç dəfə üstələyir. Tariflər və digər iqtisadi məhdudiyyətlər ticarət münasibətlərinə mənfi təsir göstərir. Bu prosesdən Çin daha çox zərər görsə də, ABŞ iqtisadiyyatı üçün də mənfi nəticələr yarana bilər. Buna görə də Vaşinqtonla münasibətlərin qaydaya salınması Pekinin əsas prioritetlərindən biridir”.

Siyasi şərhçi hesab edir ki, Çin liderinin ABŞ prezidentinə münasibətdə nümayiş etdirdiyi isti yanaşma da məhz iqtisadi və siyasi maraqlarla əlaqəli ola bilər.

O, Donald Trampın Ukrayna məsələsində Rusiyaya açıq və ya dolayı dəstək verdiyi barədə fikirlərin Pekinin mövqeyinə də təsir göstərə biləcəyini vurğulayıb:

“Tramp Ukrayna məsələsində Rusiyaya həm açıq, həm də dolayı dəstək verib. Hazırda da bu tendensiyanın müəyyən formada davam etdiyini müşahidə edirik. Buna görə də Çin liderinin nümayiş etdirdiyi münasibət ABŞ-la Rusiya arasında Pekinin maraqlarına uyğun olmayan hansısa razılaşmanın əldə edilə biləcəyi ehtimalı ilə də bağlı ola bilər”.

Əli Zülfüqaroğlunun fikrincə, bu yanaşma Pekinin həm Vaşinqtonla iqtisadi münasibətlərini qorumaq, həm də Rusiya ilə strateji tərəfdaşlıq çərçivəsində maraqlarını təmin etmək cəhdlərinin göstəricisi kimi qiymətləndirilə bilər.


Sizin reklam burada
Sizin reklam burada