İraqda mərkəzi hökumətlə Kürdüstan Regional Administrasiyası arasında uzun müddətdir davam edən siyasi və iqtisadi qarşıdurma yeni mərhələyə qədəm qoyub. Bağdadın neft yataqları, sərhəd-keçid məntəqələri və ixrac marşrutları üzərində nəzarəti gücləndirmək cəhdləri Ərbilin ciddi narazılığına səbəb olub. Gərginliyin dərinləşməsi isə regionda yeni siyasi və hətta hərbi qarşıdurma ehtimalını gündəmə gətirir.
Politoloq Turan Rzayev News365.az-a açıqlamasında bildirib ki, Bağdadın son addımları İraq daxilində vahid dövlət nəzarətini bərpa etmək məqsədi daşıyır.

Onun sözlərinə görə, Baş nazir Əli əl-Zeydinin noyabrın 24-də qəbul etdiyi qərarlar çərçivəsində Kürdüstan Regional Administrasiyasının nəzarətində olan sərhəd-keçid məntəqələrinin federal qurumlara verilməsi, eləcə də bir sıra neft yataqlarının idarəçiliyinin İraq Neft Nazirliyinə keçirilməsi tələb olunub. Bundan başqa, neft ixracının yalnız mərkəzi hökumətin razılığı ilə həyata keçirilməsi nəzərdə tutulub.
Politoloq qeyd edib ki, bu addımların əsas məqsədi enerji gəlirləri, gömrük rüsumları və strateji ərazilər üzərində mərkəzi hakimiyyətin mövqelərini möhkəmləndirməkdir. Uzun müddət neft hasilatı, ixrac və Türkiyə ilə sərhəd ticarəti Kürdüstan administrasiyasına ciddi iqtisadi və siyasi imkanlar qazandırıb. Lakin Bağdad bu sistemin ölkənin vahid iqtisadi və hüquqi mexanizmlərindən kənarda fəaliyyət göstərdiyini düşünür.
T.Rzayevin fikrincə, İraq neftinin Türkiyə üzərindən ixracının bərpası və İnkişaf Yolu layihəsinin reallaşdırılması da Bağdadın mövqeyini dəyişən əsas amillərdəndir. İraq regional tranzit və logistika mərkəzinə çevrilməyi hədəflədiyindən şimal ərazilərindəki sərhədlər, neft infrastrukturu və nəqliyyat imkanları üzərində vahid nəzarətə nail olmağa çalışır.
Ərbil Bağdadın qərarlarını qəbul etmir
Politoloq hesab edir ki, mərkəzi hökumətin qarşısında duran əsas maneə Kürdüstan Regional Administrasiyasının konstitusion statusudur. Ərbil özünü İraqın adi inzibati vahidi deyil, konstitusiya ilə tanınmış federal qurum hesab edir. Buna görə də Bağdadın sərhəd və neft yataqları üzərində nəzarəti genişləndirmək cəhdlərini özünüidarə hüququna müdaxilə kimi qiymətləndirir.
Onun sözlərinə görə, Kürdüstan rəhbərliyinin sərt bəyanatları və bölgədə keçirilən etiraz aksiyaları gərginliyin daha da artmasına zəmin yaradır. Baş nazir Məsrur Bərzaninin Kürdüstanın statusunu qorumaq üçün hər kəsin Peşmərgəyə çevrilməyə hazır olduğunu bildirməsi də Ərbilin məsələyə nə qədər həssas yanaşdığını göstərir.
T.Rzayev diqqətə çatdırıb ki, bu qarşıdurma fonunda Bərzani və Talabani ailələri arasında mövcud fikir ayrılıqları da xüsusi əhəmiyyət daşıyır. Kürdüstan Demokrat Partiyası ilə Kürdüstan Vətənpərvərlər İttifaqı arasında hökumətin formalaşdırılması, parlamentin fəaliyyəti və inzibati səlahiyyətlərin bölüşdürülməsi ilə bağlı ziddiyyətlər uzun müddətdir davam edir.
Politoloqun qənaətinə görə, Bağdadın regional muxtariyyətin iqtisadi və təhlükəsizlik rıçaqlarına müdaxiləsi iki siyasi qüvvəni müəyyən məsələlərdə ortaq mövqeyə yaxınlaşdırsa da, bu, daxili ziddiyyətlərin aradan qalxdığı anlamına gəlmir.
ABŞ kürd məsələsindən necə istifadə edə bilər?
T.Rzayev hesab edir ki, yaranmış vəziyyətdə ən diqqətçəkən məqamlardan biri Vaşinqtonun mövqeyidir. ABŞ-ın Suriya və İraq üzrə xüsusi nümayəndəsi Tom Barrak daha əvvəl İraqın daxili məsələlərinin ölkənin öz qərarı ilə həll edilməli olduğunu bildirsə də, gərginliyin artmasından sonra tərəflər arasında vasitəçilik təklif edib.
Politoloqun fikrincə, ABŞ-ın bu yanaşması təsadüfi deyil və Vaşinqtonun Yaxın Şərqdəki strateji maraqları ilə bağlıdır. O hesab edir ki, kürd faktoru uzun illərdir ABŞ-ın region siyasətində mühüm yer tutur. Xüsusilə İŞİD-ə qarşı mübarizədə kürd qüvvələri Vaşinqtonun əsas tərəfdaşlarından biri olub. Bunun qarşılığında isə kürd siyasi qüvvələri ABŞ-dan daha konkret siyasi və təhlükəsizlik təminatları gözləyirlər.
Politoloq düşünür ki, Vaşinqton Bağdadın Ərbilə təzyiq imkanlarının artmasına şərait yaratmaqla kürd siyasi qüvvələrini seçim qarşısında qoya bilər. Belə bir vəziyyətdə kürdlər ya ABŞ-ın regional strategiyasına daha uyğun mövqe tutmalı, xüsusilə İranla bağlı məsələlərdə Vaşinqtonla əməkdaşlığı gücləndirməli, ya da mövcud muxtariyyətlərini qorumaq imkanlarının zəifləməsi ilə üzləşməlidirlər.
Kürdüstanın müstəqilliyi yenidən gündəmə gələ bilər
T.Rzayevin diqqət çəkdiyi digər ehtimal isə Bağdadla Ərbil arasında qarşıdurmanın daha da dərinləşməsi və hətta silahlı toqquşmaya çevrilməsidir. Onun fikrincə, belə bir ssenari kürd məsələsini yenidən beynəlxalq gündəmin əsas mövzularından birinə çevirə bilər.
Politoloq hesab edir ki, mərkəzi hökumətin təzyiqləri Kürdüstanda muxtariyyətin gələcəyi ilə bağlı narahatlığı artırarsa, müstəqillik ideyası yenidən aktuallaşa bilər. Bu isə gələcəkdə referendum tələbinin gündəmə gətirilməsi üçün siyasi zəmin yarada bilər.
T.Rzayevin qənaətinə görə, hazırkı vəziyyət kürd siyasi qüvvələrini çətin seçim qarşısında qoyur. Onlar ya Vaşinqtonun regional maraqlarına uyğun mövqe tutmalı, ya da Bağdadla münasibətlərdə güc balansının tədricən dəyişməsi ilə barışmalı olacaqlar.