Stressdən çıxış yolu kimi alış-verişə üz tutanlar bəzən fərqinə varmadan ciddi maliyyə və psixoloji problemlə üzləşirlər. Xüsusilə onlayn platformalardan davamlı sifariş vermək zamanla alış-veriş asılılığına çevrilə bilər.
News365.az Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə psixoloq Diana Lobanova danışıb.
Onun sözlərinə görə, tez-tez alış-veriş etmək özlüyündə asılılıq əlaməti hesab olunmur. Əsas təhlükə insanın ehtiyacı olmayan məhsulları davamlı alması, büdcəsini aşması və yaranan maliyyə çətinliklərinə baxmayaraq sifariş verməkdən çəkinməməsidir.
Psixoloq bildirib ki, sifariş vermək və bağlamanın gəlməsini gözləmək insanda müvəqqəti sevinc yaradır, stress və narahatlığı unutmağa kömək edir. Lakin məhsul əldə edildikdən sonra bu hiss qısa müddətdə yox olur və növbəti gərginlik zamanı insan yenidən alış-verişə üz tutur.
Lobanovanın fikrincə, onlayn mağazalar da bu vərdişi gücləndirən müxtəlif üsullardan istifadə edir. Fərdi məhsul təklifləri, endirim bildirişləri, vaxt məhdudiyyətli kampaniyalar, az sayda qalan məhsullarla bağlı xəbərdarlıqlar və sonradan ödəniş imkanları insanı daha çox alış-verişə təşviq edir. Bəzi hallarda isə insana zövq verən məhsulu almaqdan çox, onu axtarmaq, səbətə əlavə etmək və çatdırılmanı gözləmək olur.
Psixoloq belə vərdişin qarşısını almaq üçün insanlara 2-3 həftə ərzində sifarişlərini, xərclərini və alış-verişdən əvvəlki emosional vəziyyətlərini qeydə almağı məsləhət görüb. Bu yolla lazımsız alışların hansı hallarda baş verdiyini müəyyənləşdirmək mümkündür.
O, həmçinin almaq istənilən məhsulu dərhal sifariş etmək əvəzinə, 48-72 saat gözləməyi tövsiyə edib. Bu müddət ərzində emosional alış-veriş istəyi zəifləyə bilər. Ödəniş etməzdən əvvəl məhsulun həqiqətən lazım olub-olmadığını, evdə oxşar əşyanın mövcudluğunu və həmin məhsulun endirimsiz də alınıb-alınmayacağını düşünmək vacibdir.
Lobanova onlayn alış-verişə nəzarəti gücləndirmək üçün reklam bildirişlərini bağlamağı, yadda saxlanılan bank kartlarını silməyi, hissə-hissə ödəniş imkanlarından uzaq durmağı və aylıq alış-veriş büdcəsi müəyyənləşdirməyi də tövsiyə edib. Onun fikrincə, sifarişlər üçün həftədə cəmi 1-2 gün ayırmaq da impulsiv xərcləmələrin azalmasına kömək edə bilər.