Zakir Bağırovun Azərbaycan mədəniyyətində qoyduğu silinməz izlər

Zakir Bağırovun Azərbaycan mədəniyyətində qoyduğu silinməz izlər
19:34

Azərbaycanın mədəniyyət tarixində mühüm iz qoymuş şəxsiyyətlərdən biri də uzun illər mədəniyyət naziri vəzifəsində çalışmış Zakir Bağırovdur. Onun rəhbərliyi dövründə ölkənin mədəni həyatında bir sıra mühüm yeniliklər həyata keçirilib, yeni mədəniyyət ocaqları yaradılıb.

News365.az xəbər verir ki, bunu təhsil eksperti Etibar Əliyev sosial şəbəkə hesabında paylaşdığı qeyddə bildirib.

Ekspert qeyd edib ki, noyabrın 27-si fəlsəfə elmləri doktoru, Azərbaycanın keçmiş mədəniyyət naziri Zakir Bağırovun doğum günüdür. 1929-cu ildə Şuşada anadan olan Zakir Bağırov 1971-1988-ci illərdə Azərbaycanın mədəniyyət naziri vəzifəsində çalışıb.

Etibar Əliyevin sözlərinə görə, Zakir Bağırovun nazir olduğu dövrün səkkiz ili akademik Mehdi Mehdizadənin maarif naziri kimi fəaliyyət göstərdiyi illərlə üst-üstə düşüb. Onun fikrincə, bu iki görkəmli şəxsiyyətin Azərbaycan təhsilinə və mədəniyyətinə verdiyi töhfələr xüsusi əhəmiyyət daşıyır.

Ekspert Zakir Bağırovun mədəniyyət sahəsində həyata keçirdiyi mühüm işlərə də diqqət çəkib. Onun təşəbbüsü ilə Bakıda müasir tələblərə cavab verən Xoreoqrafiya Məktəbinin tikildiyini, bir sıra mədəniyyət ocaqlarının təmir olunduğunu və yeni orkestrlərin yaradıldığını vurğulayıb.

Bundan başqa, gözəl memarlıq binasında Mahnı Teatrının təşkil edildiyini, Üzeyir Hacıbəylinin, Səməd Vurğunun və Cəfər Cabbarlının ev-muzeylərinin məhz onun nazirliyi dövründə açıldığını xatırladıb. Azərbaycan sirk kollektivinin yaradılmasını da Zakir Bağırovun təşəbbüsləri sırasında qeyd edib.

Etibar Əliyev Zakir Bağırovun yalnız idarəçilik fəaliyyəti ilə deyil, şəxsi keyfiyyətləri ilə də ətrafındakı insanların hörmətini qazandığını bildirib. Onu səmimi, həssas, səxavətli, sözübütöv, mərd və alicənab ziyalı kimi xarakterizə edib.

Ekspertin sözlərinə görə, Zakir Bağırov Qara Qarayev, Niyazi, Tofiq Quliyev, Fikrət Əmirov, Toğrul Nərimanbəyov və Rəşid Behbudov kimi görkəmli sənətkarlarla dostluq münasibətlərinə xüsusi önəm verib.

Qeyd edək ki, Zakir Bağırov 1989-cu il martın 30-da Bakıda vəfat edib.


Sizin reklam burada
Sizin reklam burada