ABŞ İranı necə zəiflədə bilər? – Politoloqdan açıqlama

ABŞ İranı necə zəiflədə bilər? – Politoloqdan açıqlama
10:00

ABŞ-la İran arasında uzun müddətdir davam edən gərginlik Vaşinqtonun Tehranla bağlı strategiyasını yenidən gündəmə gətirir. İqtisadi sanksiyalar və hərbi təzyiqlərə baxmayaraq, İranın raket potensialını bərpa etməyə çalışması, nüvə proqramı ətrafında qeyri-müəyyənliyin qalması və regional təsir imkanlarını qoruması ABŞ üçün ciddi çağırış olaraq qalır.

Politoloq Turan Rzayev News365.az-a açıqlamasında bildirib ki, İran hakimiyyətini zəiflətmək üçün yalnız iqtisadi və hərbi təzyiqlərə üstünlük vermək kifayət deyil.

Onun fikrincə, Tehranı ən güclü olduğu ideoloji və teoloji dayaqlardan sarsıtmaq daha uzunmüddətli nəticələr verə bilər.


"Vaşinqtonda İranın ram edilməsinin müxtəlif variantları üzərində planlar hazırlanır. Lakin indiyədək bu planlar real nəticə verməyib. ABŞ iqtisadi sanksiyalar vasitəsilə Tehrana təzyiq göstərsə də, İran buna Hörmüz boğazında raket və dron hücumları ilə cavab verir. Donald Trampın boğaza nəzarətin ABŞ-ın əlində olması ilə bağlı bəyanatlarına baxmayaraq, tankerlərə edilən hücumlar mövcud vəziyyətin fərqli olduğunu göstərir.

Digər tərəfdən, İranın ballistik raket potensialını bərpa etməyə və istehsal imkanlarını genişləndirməyə çalışması Vaşinqton üçün ayrıca təhlükəsizlik problemidir. ABŞ və İsrailin hərbi zərbələri İranın hərbi infrastrukturuna ciddi ziyan vursa da, ölkənin raket proqramını tamamilə sıradan çıxarmaq mümkün olmayıb. Tehran hərbi istehsal imkanlarını yenidən qurmağa, texnologiyalarını təkmilləşdirməyə və çəkindirmə potensialını bərpa etməyə çalışır.

Nüvə məsələsində də vəziyyət Vaşinqtonun istədiyi kimi deyil. İranın uranın zənginləşdirilməsi prosesini hazırda hansı həcmdə davam etdirdiyinə dair təsdiqlənmiş məlumat yoxdur. Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın nüvə obyektlərinə və materiallarına çıxış imkanlarının məhdudlaşması ölkənin zənginləşdirilmiş uran ehtiyatlarının vəziyyətini tam yoxlamağa imkan vermir".

İranın əsas zəif nöqtəsi ideoloji sistemidir

Politoloq hesab edir ki, İran hakimiyyətinin zəiflədilməsi üçün ilk növbədə onun dini-ideoloji əsaslarına diqqət yetirilməlidir.

"İrandakı rejimi sıradan çıxarmaq üçün təkcə iqtisadi sanksiyalar kifayət etmir. Hakimiyyəti ən güclü olduğu yerdən, yəni ideoloji və teoloji əsaslarından sarsıtmaq daha uzunmüddətli nəticə verə biləcək yanaşmadır.

İran İslam Respublikasının siyasi sistemində din sadəcə cəmiyyətin mənəvi həyatını tənzimləyən institut deyil. O, dövlət hakimiyyətinin legitimləşdirilməsi, siyasi qərarların əsaslandırılması, təhlükəsizlik sisteminin ideoloji çərçivəsinin müəyyənləşdirilməsi və xarici siyasətin təqdim olunması üçün əsas vasitələrdən biridir.

1979-cu il İslam İnqilabından sonra Ruhullah Xomeyninin formalaşdırdığı Vilayəti-fəqih doktrinası bu sistemin ideoloji təməlini təşkil edib. Dini və siyasi hakimiyyət bir-birinə o qədər sıx bağlanıb ki, rejimin siyasi legitimliyinə yönələn ciddi etirazlar eyni zamanda onun dini əsaslarını da müzakirə predmetinə çevirir.

İranın şiə dünyasında yeganə və mübahisəsiz dini-siyasi mərkəz kimi təqdim etdiyi mövqeyin zəiflədilməsi də mühüm istiqamətlərdən biri ola bilər".

T.Rzayev bu kontekstdə Oman və Yəməndəki husilərin dini mənsubiyyətinə də diqqət çəkib:

"Hörmüz boğazı məsələsində Oman amilini nəzərə almaq lazımdır. Oman yalnız coğrafi mövqeyinə görə deyil, dini və siyasi xüsusiyyətlərinə görə də İran üçün fərqli regional aktordur. Ölkədə ibadilik əsas dini ənənələrdən biridir. İbadilik nə sünniliyin, nə də şiəliyin daxilində yer alan məzhəbdir. Onun özünəməxsus dini-siyasi tarixi, imamət anlayışı və hakimiyyətin legitimliyinə dair yanaşması var.

İbadilər hakimiyyətin legitimliyini müəyyən bir nəslə və ya tayfaya mənsubluqla deyil, ədalət, dini prinsiplərə bağlılıq və icmanın qəbul etdiyi rəhbərliklə əlaqələndirirlər. Bu baxımdan, onların imamət və siyasi hakimiyyət haqqında təsəvvürləri İmamiyyə şiəliyinin yanaşmasından ciddi şəkildə fərqlənir.

Yəməndə İranın dəstəklədiyi husilər də bu baxımdan diqqətəlayiq nümunədir. Tehran husiləri regional siyasətində mühüm müttəfiq kimi istifadə edir. Lakin husilər Zeydilik məzhəbinə mənsubdurlar. Zeydilik isə İran dövlət ideologiyasının əsasını təşkil edən On iki imam şiəliyindən fərqlənir. Zeydilər On iki imam şiəliyindəki kimi imamların eyni ardıcıllığını və qeybə çəkilmiş on ikinci imamla bağlı inanc sistemini qəbul etmirlər.

ABŞ-ın İranla bağlı uzunmüddətli strategiyasında bu dini fərqliliklər nəzərə alınmalıdır. Tehran özünü yalnız İranın deyil, daha geniş şiə coğrafiyasının siyasi və ideoloji mərkəzi kimi təqdim edir. Halbuki şiə dünyasının daxilindəki fərqli dini məktəblər, imamət anlayışları və siyasi hakimiyyətə münasibətlər bu iddianın mübahisəsiz olmadığını göstərir".

Tehranın daxilində də dini fikir ayrılıqları mövcuddur

Politoloqun sözlərinə görə, İranın zəif nöqtələrindən biri də ölkə daxilindəki dini hakimiyyət sisteminin alternativ nüfuz mərkəzlərinin mövcudluğudur.

"İranın daxilində də dini hakimiyyətin alternativ mərkəzləri mövcuddur. Qum, Məşhəd və Nəcəf dini məktəblərinin fərqli ənənələri, yüksək rütbəli ayətullahların müxtəlif fiqhi və siyasi mövqeləri, eləcə də dini rəhbərliyin dövlət hakimiyyətindəki roluna dair fikir ayrılıqları bunu göstərir.

Xomeyninin hakimiyyəti dövründə də bir sıra nüfuzlu din xadimləri Vilayəti-fəqih doktrinasına qarşı çıxmış, onların bəziləri təzyiqlərə, məhdudiyyətlərə və siyasi təcridə məruz qalmışdı. Bu, İran dini elitasının heç vaxt vahid siyasi mövqedə olmadığını göstərən tarixi faktdır.

Əgər İran daxilində alternativ dini nüfuzun cəmiyyət tərəfindən qəbul edilməsi genişlənərsə, rejimin öz hakimiyyətini ilahi və dəyişməz siyasi zərurət kimi təqdim etmək imkanları zəifləyə bilər. Bu, xüsusilə gənc nəsil, sekulyar düşüncəli təbəqələr və mövcud dini-siyasi sistemdən narazı olan sosial qruplar baxımından əhəmiyyətlidir.

Cəmiyyətin bir hissəsi üçün dinə bağlılığın davam etməsi mütləq şəkildə mövcud dövlət quruluşunun qəbul edilməsi demək deyil. İnsanlar şiə kimliyini qorumaqla yanaşı, Vilayəti-fəqih sistemini qəbul etməyə də bilərlər. Bu iki məsələnin bir-birindən ayrılması rejimin ideoloji monopoliyasına ciddi zərbə vura bilər".

Etnik müxtəliflik də İran hakimiyyəti üçün çağırışdır

T.Rzayev İranın etnik tərkibinin də ölkənin daxili siyasi mənzərəsində mühüm rol oynadığını vurğulayıb:

"İranda azərbaycanlılar, kürdlər, bəluclar, ərəblər, türkmənlər və digər etnik icmalar yaşayır. Bu qrupların dini, mədəni və siyasi maraqları eyni deyil. Tehran uzun illərdir vahid dövlət kimliyi və şiə dini ideologiyası vasitəsilə müxtəlif sosial və etnik qrupları vahid siyasi çərçivədə saxlamağa çalışır.

Dini ideologiyanın vahidliyinin zəifləməsi bu qrupların mərkəzi hakimiyyətlə münasibətlərində də yeni mərhələnin başlanmasına səbəb ola bilər. Xüsusilə dini kimliklə dövlətə siyasi sədaqət arasında yaradılmış əlaqənin qırılması rejimin cəmiyyət üzərindəki təsir imkanlarını məhdudlaşdıra bilər.

Rejimin hərbi imkanlarını məhdudlaşdırmaq vacibdir. Lakin onun ideoloji dayaqlarının toxunulmaz qalması uzunmüddətli perspektivdə eyni problemlərin yenidən ortaya çıxmasına şərait yaradır. Raket infrastrukturu dağıdıla, hərbi istehsal müəssisələri sıradan çıxarıla, nüvə obyektləri zədələnə bilər. Ancaq hakimiyyətin dini legitimlik mexanizmi işlək qaldığı müddətdə Tehran yeni resurslar səfərbər etməyə, cəmiyyəti öz ətrafında birləşdirməyə və regional təsirini bərpa etməyə çalışacaq".


Sizin reklam burada
Sizin reklam burada