“Türkdilli ölkələrin milli musiqi alətləri” kitabının təqdimatı olub

“Türkdilli ölkələrin milli musiqi alətləri” kitabının təqdimatı olub
05 Mar 2025 19:45

Martın 5-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin təşkilatçılığı, Türk Mədəniyyəti və İrsi Fondu və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) əməkdaşlığı çərçivəsində nəşr olunan “Türkdilli ölkələrin milli musiqi alətləri” kitabının təqdimatı keçirilib.

News365.az xəbər verir ki, tədbirdə çıxış edən muzeyin direktoru, akademik Rafael Hüseynov kitabda altı müstəqil türk dövlətinin musiqi irsinin geniş şəkildə əks olunduğunu bildirib.

Onun sözlərinə görə, türk xalqları geniş bir coğrafiyanı əhatə edir və bu kitab gələcəkdə təkcə altı türk dövlətinin deyil, digər türk xalqlarının – yakutların, başqırdların, tatarların və digərlərinin də musiqi irsini özündə birləşdirən yeni nəşrlərin yaranmasına zəmin yarada bilər. Bu kitab həm elmi, həm də mədəni baxımdan böyük əhəmiyyət daşıyır.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova layihə çərçivəsində altı türk ölkəsinin alimləri, sənətşünasları və musiqiçilərinin birgə ərsəyə gətirdiyi əsərin önəmini xüsusi vurğulayıb. O, bu cür təşəbbüslərin Türk dünyasının musiqi irsinin daha geniş tanıdılmasına və gələcək nəsillərə ötürülməsinə töhfə verdiyini qeyd edib.

Milli Məclisin deputatı, parlamentin Mədəniyyət komitəsi sədrinin müavini Günay Əfəndiyeva qədim türk musiqi alətlərinin türk xalqlarının ulu keçmişinin yadigarları olduğunu deyib. Vurğulayıb ki, bu layihənin əsas məqsədi zəngin türk musiqisinin yaşadılmasına, gələcək nəsillərə ötürülməsinə və müxtəlif dilli auditoriyalara çatdırılmasına töhfə verməkdir.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, kitabın “Ön söz”ünün müəllifi Fərhad Bədəlbəyli çıxışında bu layihənin türk birliyinin möhkəmləndirilməsinə, türkdilli xalqların zəngin ənənəvi musiqi irsinin araşdırılmasına, qorunub saxlanılmasına və dünyada tanıdılmasına mühüm töhfə verəcəyini bildirib. Qeyd edib ki, türk xalqları minilliklər boyu ortaq musiqi mədəniyyətinə sahib olub və bu mədəniyyət onların tarixi köklərini, kimliyini və mənəvi dəyərlərini əks etdirir. Layihə çərçivəsində aparılan tədqiqatlar və hazırlanan materiallar gələcək nəsillər üçün qiymətli bir irs olacaq, musiqi alətlərinin tarixini, inkişafını və ifaçılıq ənənələrini daha dərindən öyrənməyə imkan yaradacaq.

Tədbirdə kitabın hazırlanmasında iştirak etmiş və Mərkəzi Asiyadan olan ekspertlərin - Qazaxıstan Respublikasının Əməkdar xadimi Saule Uteqaliyevanın, Özbəkistan Dövlət Konservatoriyası, sənətşünaslıq elmləri doktoru professor Şoyista Qanixanovanın, Qırğızıstan Respublikasının Xalq artisti Roza Amanovanın, Maya Kuliyeva adına Türkmənistan Milli Konservatoriyasının “Musiqi tarixi” kafedrasının baş müəllimi və müdiri Bahargül Yaqubovanın videomüraciəti dinlənilib.

Daha sonra çıxış edən Türkiyənin Osmaniyə Korkut Ata Universiteti Memarlıq, dizayn və incəsənət fakültəsinin baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Meysər Kaya və Üzeyir Hacıbəyli adına BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru professor Gülnaz Abdullazadə layihənin əhəmiyyətindən danışaraq onun türk xalqlarının mədəni irsinin qorunmasına və tanıdılmasına verdiyi töhfələri vurğulayıblar.

Tədbirdə Qədim Musiqi Alətləri Ansamblının ifasında “Əbdülqadir Marağayinin bəstəsi əsasında kompozisiya”, eləcə də digər milli musiqi nümunələri səsləndirilib.

“Elm və təhsil” nəşriyyatında nəşr olunan “Türkdilli ölkələrin milli musiqi alətləri” kitabı oxuculara dörd dildə - Azərbaycan, türk, rus və ingilis dillərində təqdim olunub. Kitabın layihə rəhbərləri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ-nin və Azərbaycanın Xalq artisti professor Fərhad Bədəlbəyli, Türk Mədəniyyəti və İrsi Fondunun birinci prezidenti Günay Əfəndiyevadir.

Təqdim olunmuş kitabda çoxsaylı elmi mənbələr əsasında türkdilli xalqlara aid ən geniş yayılmış 104 ənənəvi musiqi aləti haqqında geniş informasiya verilib. Musiqişünaslar, ifaçı musiqiçilər, folklorçular üçün nəzərdə tutulmuş kitabda alətlərin mərhələli inkişaf tarixi, morfologiyası, konstruksiya və texniki xüsusiyyətləri, habelə məişətdə, orkestr və ansambl tərkibində ifaçılıq imkanlarından bəhs edilir.


Sizin reklam burada
Sizin reklam burada