ABŞ-da tarixi dəyişiklik: Pentaqonun adı DƏYİŞİR

ABŞ-da tarixi dəyişiklik: Pentaqonun adı DƏYİŞİR
10:00


News365.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp ölkənin müdafiə qurumunun adının dəyişdirilməsi barədə qərar qəbul edib. Beləliklə, 1947-ci ildən “Müdafiə Nazirliyi” kimi fəaliyyət göstərən Pentaqon bundan sonra “Müharibə Nazirliyi” adlanacaq.

Ağ evin açıqlamasına görə, bu gün imzalanacaq 200-cü prezident fərmanı ilə nazirliyin rəsmi adı dəyişdiriləcək. Yeni qərara əsasən, ABŞ müdafiə naziri də bütün rəsmi tədbirlərdə və sənədlərdə “Müharibə Naziri” titulundan istifadə edəcək.

Tramp imza mərasimində çıxışı zamanı yaxın günlərdə Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyini bildirib:

“Bu savaşı bitirəcəyik. Bir çox müharibəni dayandırdım. Bunun asan olacağını düşünmüşdüm, amma ən çətini oldu. Yenə də uğur qazanacağıq.” – deyə Tramp vurğulayıb.

Ağ ev rəsmiləri “Müdafiə” sözünün passiv, “Müharibə” ifadəsinin isə daha güclü və qətiyyətli imic yaratdığını bildiriblər.

Qeyd edək ki, ABŞ-da 1789–1947-ci illərdə qurum “Müharibə Nazirliyi” adı ilə fəaliyyət göstərib. II Dünya müharibəsindən sonra isə struktur yenidən təşkil olunaraq “Müdafiə Nazirliyi” adlandırılmışdı.

Bununla belə, ekspertlər bildirirlər ki, nazirliyin adının qalıcı olaraq dəyişməsi üçün Konqresin təsdiqi tələb olunur. Bu səbəbdən Trampın fərmanı yalnız “ikinci dərəcəli istifadə” statusuna malik olacaq. Pentaqon adı isə nazirliyin yerləşdiyi nəhəng binaya istinad olaraq istifadə edilməyə davam edəcək.


Sizin reklam burada
Sizin reklam burada