Onun sözlərinə görə, ABŞ-da siyasi mübarizə əsasən institusional çərçivədə – Konqres və Senat səviyyəsində aparılır və tərəflər arasında rəqabətin silahlı insidentlərə keçməsi real görünmür:
“ABŞ-da siyasi qarşıdurmanın əsas meydanı Konqres və Senatdır. Tərəflər öz mövqelərini məhz bu platformalarda ifadə edir, qərarların qəbuluna təsir göstərməyə çalışırlar. Bu mübarizənin silahlı qarşıdurmaya çevrilməsi çox aşağı ehtimallıdır.”
Ekspert əlavə edib ki, seçki kampaniyası dövründə Donald Trump ilə bağlı baş vermiş insidentlər də daxili siyasi balansı ciddi şəkildə dəyişməyib:
“Trampın qulağından yüngül yaralanması ilə nəticələnən hadisə belə ABŞ-da partiyalararası münasibətləri silahlı müstəviyə keçirmədi.”
Politoloq bildirib ki, ABŞ cəmiyyətində əsas narahatlıq doğuran məsələlər daha çox iqtisadi amillərlə bağlıdır. Xüsusilə enerji qiymətləri və gündəlik xərclər sadə vətəndaş üçün prioritet təşkil edir:
“Sadə amerikalını ən çox maraqlandıran məsələ yanacaq qiymətləridir. Enerji daşıyıcılarının bahalaşması nəqliyyatdan tutmuş gündəlik istehlak mallarına qədər hər sahəyə təsir edir.”
Onun sözlərinə görə, Hormuz boğazı ətrafında gərginlik və Iran ilə bağlı proseslər də dolayısı ilə ABŞ daxilində ictimai rəyə təsir göstərir:
“Enerji marşrutları və regiondakı gərginliklər qiymətlərə təsir edir və bu da birbaşa insanların gündəlik həyatında hiss olunur.”
Bəxtiyar Həsənbəyli vurğulayıb ki, ümumilikdə narazılıqlar yalnız ABŞ-da deyil, digər ölkələrdə də müşahidə olunur və bu, qlobal iqtisadi və siyasi proseslərlə bağlıdır.