ABŞ prezidenti Donald Tramp və Almaniya kansleri Fridrix Merts arasında mübahisədən sonra Pentaqon Almaniyadakı hərbi mövcudluğunu 5000 əsgər azaldacaq.
Bu barədə ABŞ rəsmiləri açıqlama yayıblar.
Onların sözlərinə görə, bu addım ABŞ-nin NATO müttəfiqinin hərəkətlərinə cavabı ola bilər və prezident Donald Trampla Avropa ölkələri arasında İranla müharibəyə görə artan fikir ayrılıqlarını əks etdirir.
Qoşunların geri çəkilməsi üçün konkret vaxt cədvəli və plan açıqlanmayıb. Həmçinin hansı bölmələrin ixtisar ediləcəyi və ya dəqiq olaraq harada yenidən yerləşdirilə biləcəyi göstərilməyib.
Bu həftənin əvvəlində Donald Tramp Almaniya kansleri Fridrix Merts ilə fikir ayrılığından sonra Amerika kontingentinin sayını azaltmaqla hədələyib. Bazar ertəsi günü Merts bildirib ki, "iranlılar iki aylıq müharibəyə son qoymaq üçün danışıqlarda ABŞ-ı alçaldıblar".
Həmçinin bildirilir ki, Tramp ABŞ Konqresinə İrandakı müharibənin bitdiyini bildirib.