Azərbaycanda sürücülük vəsiqələrinin müddətsiz verilməsi ilə bağlı məsələ zaman-zaman müzakirələrə səbəb olur. Bəzi ekspertlər bunun vətəndaşlar üçün əlavə rahatlıq yaratdığını düşünsələr də, digər mütəxəssislər sürücülərin sağlamlıq vəziyyətinin və idarəetmə qabiliyyətinin müəyyən dövrlərdə yenidən qiymətləndirilməsinin vacibliyini vurğulayırlar.
Mövzu ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov News365.az-a açıqlamasında sürücülük vəsiqələrinin müddətsiz verilməsinə münasibət bildirib.

"Sürücülük vəsiqəsinin müddətsiz verilməsini doğru hesab etmirəm. Hər bir sənədin müəyyən müddəti olmalıdır. Sürücülük vəsiqəsi də vacib sənəddir və insan həyatı ilə birbaşa bağlıdır. Hər an insanın sağlamlıq vəziyyəti dəyişə, xəstələnə və ya idarəetmə qabiliyyəti zəifləyə bilər. İdarəetmənin itirilməsi isə yol-nəqliyyat hadisəsi riskini ciddi şəkildə artırır. Bu səbəbdən sürücülük vəsiqəsinin müddətsiz olması reallığa uyğun görünmür və mən bunu müsbət hal kimi qiymətləndirmirəm.
Eyni zamanda müəyyən limitlər də tətbiq edilməlidir. Məlumdur ki, sürücülük vəsiqəsi 18 yaşdan etibarən verilir. Şəxs bu yaş həddini tamamlamalı və qanunvericilikdə nəzərdə tutulan bütün tələblərə cavab verməlidir. Onun psixoloji vəziyyəti normal olmalı, görmə qabiliyyətində ciddi məhdudiyyətlər olmamalı, ümumi sağlamlıq durumu qənaətbəxş səviyyədə olmalıdır. Həmçinin narkoloji və digər tibbi qeydiyyatlarla bağlı hər hansı problem olmamalıdır.
Digər mühüm məsələ nəqliyyat vasitələrinin idarə olunması ilə bağlı məsuliyyət hissidir. Sürücülük vəsiqəsinin müddətsiz olması bəzi insanlarda məsuliyyətin azalmasına səbəb ola bilər. Belə düşüncə yarana bilər ki, vəsiqə daimi qüvvədədir və əlavə nəzarətə ehtiyac yoxdur. Halbuki müəyyən müddətlər və yoxlamalar insanların məsuliyyət hissini artırır.
Biz insanları məsuliyyətdən uzaqlaşdırmamalı, əksinə, onları daha məsuliyyətli davranmağa təşviq etməliyik. Bu, yol hərəkəti təhlükəsizliyinin təmin olunması baxımından vacib amillərdən biridir", – deyə Aslan Əsədov vurğulayıb.
News365.az, Vəfa Vəliyeva