ABŞ-İran razılaşmasının arxasında hansı məqsədlər dayanır?- Açıqlama

ABŞ-İran razılaşmasının arxasında hansı məqsədlər dayanır?- Açıqlama
16:27

Hüquqşünas və siyasi təhlilçi Polad Mehdiyev ABŞ ilə İran arasında aparılan danışıqların yalnız nüvə proqramı ilə məhdudlaşmadığını bildirib.

O, News365.az-a açıqlamasında qeyd edib ki, ictimaiyyətə təqdim olunan razılaşmalar və bəyanatlar prosesin əsl mahiyyətini tam əks etdirmir.


"Bu gün mediada təqdim olunan saziş və ya razılaşmalar daha çox ictimai əsaslandırma xarakteri daşıyır. Hesab edirəm ki, prosesin əsl mahiyyəti bundan daha genişdir. Donald Trampın və ümumilikdə ABŞ administrasiyasının son dövrlərdə istifadə etdiyi ritorika da bunu göstərir. Bir tərəfdən danışıqlar və barışıq prosesindən danışılır, digər tərəfdən isə razılaşma əldə olunmayacağı təqdirdə hansı addımların atılacağı ilə bağlı mesajlar verilir", – deyə o bildirib.

Polad Mehdiyevin sözlərinə görə, ABŞ-İran münasibətlərində baş verənlər təkcə nüvə proqramı ilə bağlı müzakirələrdən ibarət deyil:

"Əslində burada söhbət qlobal güc balansının formalaşmasından gedir. İran faktoru bu prosesdə mühüm vasitələrdən biridir. 1979-cu ildən etibarən ABŞ və İran arasında müxtəlif formatlarda nüvə məsələsi ətrafında danışıqlar aparılıb. Lakin hazırkı mərhələ əvvəlkilərdən fərqlənir. Çünki ABŞ regionda və qlobal miqyasda öz təsir imkanlarını gücləndirmək niyyətində idi. İran üzərində əldə olunacaq üstünlük Vaşinqtonun zəifləyən mövqelərini yenidən möhkəmləndirə bilərdi".

Siyasi təhlilçi hesab edir ki, hadisələrin gedişi ABŞ-nin gözlədiyi nəticələri verməyib:

"Planlaşdırılan nəticələr əldə olunmadığı üçün tərəflər yenidən danışıqlar masasına qayıtmağa məcbur oldular. Hazırda müzakirələr bir neçə istiqamətdə aparılır. Bunlardan biri ənənəvi nüvə danışıqlarıdır. Bu mövzu həm ABŞ, həm də İran tərəfindən ictimaiyyətə təqdim olunan əsas gündəm kimi göstərilir".

Ekspert ikinci mühüm istiqamətin beynəlxalq ticarət və enerji təhlükəsizliyi ilə bağlı olduğunu vurğulayıb:

"Digər vacib məsələ dünya iqtisadiyyatına birbaşa təsir edən Hörmüz boğazı ilə bağlıdır. Bu marşrutun fəaliyyəti qlobal enerji bazarları və beynəlxalq ticarət üçün strateji əhəmiyyət daşıyır. Son dövrlərdə yaranan gərginlik bir sıra ölkələrə, o cümlədən Çin, Hindistan, Avropa dövlətləri və Körfəz regionu ölkələrinə ciddi iqtisadi təsirlər göstərib. Buna görə də tərəflər arasında əldə olunacaq hər hansı razılaşma təkcə region üçün deyil, bütövlükdə dünya iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir", – deyə Polad Mehdiyev vurğulayıb.



Sizin reklam burada
Sizin reklam burada