Paşinyanın qələbəsi sülhə verilən dəstəkdir- AÇIQLAMA

Paşinyanın qələbəsi sülhə verilən dəstəkdir- AÇIQLAMA
15:32

Milli Məclisin komitə sədri Arzu Nağıyev Ermənistanda keçirilən parlament seçkilərinin nəticələrini şərh edib.

O, News365.az-a açıqlamasında bildirib ki, seçkilərdən əvvəl verilən proqnozlar Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyasının qələbə qazanacağını göstərirdi.

"Bu nəticə gözlənilən idi. Çünki seçkilərdə iştirak edən digər siyasi qüvvələr – Serj Sərkisyanın dəstəklədiyi siyasi dairələr, Robert Köçəryanın təmsil olunduğu blok və digər müxalif qüvvələr daha çox revanşist mövqeləri ilə seçilirdilər. Həmin siyasi qüvvələr müharibə ritorikasına üstünlük verir, eyni zamanda Rusiyanın təsiri altında fəaliyyət göstərirdilər. Onların əsas məqsədi Ermənistan üzərində Rusiyanın təsir imkanlarını qoruyub saxlamaq idi", – deyə Arzu Nağıyev qeyd edib.

Deputatın sözlərinə görə, Qarabağ müharibəsindəki məğlubiyyətə baxmayaraq, Ermənistan cəmiyyəti yenidən Paşinyana etimad göstərib:

"Paşinyan hakimiyyətdə olduğu dövrdə müharibədən sonrakı ağır siyasi vəziyyətlə üzləşsə də, seçicilərin əksəriyyəti ona səs verdi. Bunun əsas səbəbi onun komandasının müharibənin qarşısının alınması və regionda sülhün təmin olunması istiqamətində siyasət yürütməsidir. Ermənistan xalqı bir daha müharibəni deyil, sülhü seçdiyini nümayiş etdirdi".

Arzu Nağıyev bildirib ki, iyunun 14-də Ermənistan Mərkəzi Seçki Komissiyası Nikol Paşinyanın partiyasının səslərin 49 faizdən çoxunu topladığını elan edib.

"Ermənistan parlamentində hökumətin formalaşdırılması üçün sadə səs çoxluğu kifayət edir. Lakin daha genişmiqyaslı islahatların, xüsusilə də konstitusiya dəyişikliklərinin həyata keçirilməsi üçün daha böyük parlament dəstəyi tələb olunur. Əgər Paşinyan əlavə deputatların dəstəyini qazana bilsə, bu, həm islahatların, həm də sülh gündəliyinin həyata keçirilməsi üçün mühüm imkan yaradacaq", – deyə komitə sədri vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada