"Oynaq ağrılarını görməzlikdən gəlməyin" – Həkimdən xəbərdarlıq

"Oynaq ağrılarını görməzlikdən gəlməyin" – Həkimdən xəbərdarlıq
15:55

Travmatoloq-ortoped Valid Novruzov oynaq problemlərinin ən çox diz və bud-çanaq nahiyəsində müşahidə olunduğunu bildirib.

News365.az xəbər verir ki, həkim qeyd edib ki, bu oynaqlar gün ərzində bədənin əsas yükünü daşıdığı üçün daha tez aşınmaya məruz qalır.

Onun sözlərinə görə, yaş artdıqca oynaq qığırdaqları tədricən köhnəlir, nəticədə hərəkət zamanı ağrılar və narahatlıqlar yaranır. İlk mərhələdə ağrı əsasən uzun müddət yeridikdən sonra hiss edilsə də, zaman keçdikcə daimi xarakter ala bilər. Həkim bildirib ki, diz oynağında ağrı ilə yanaşı şişkinlik, sərtlik və hərəkət məhdudiyyəti də müşahidə olunur. Bud-çanaq oynağında yaranan problemlər isə adətən qasıq nahiyəsində ağrı ilə özünü göstərir və bu ağrılar bəzən buda və dizə qədər yayılır.

Valid Novruzov vurğulayıb ki, müasir tibbdə tətbiq olunan endoprotez əməliyyatları bu cür problemlərdən əziyyət çəkən insanların həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.

Onun sözlərinə görə, bu əməliyyatların əsas məqsədi təkcə ağrını aradan qaldırmaq deyil, həm də xəstənin normal həyat fəaliyyətinə qayıtmasını təmin etməkdir. Əməliyyatdan sonra bir çox insan əvvəlki hərəkət imkanlarını bərpa edir və gündəlik işlərini daha rahat yerinə yetirə bilir.

Həkim qeyd edib ki, son illərdə texnologiyanın inkişafı sayəsində oynaq protezlərinin keyfiyyəti və istifadə müddəti xeyli artıb. Bu da əməliyyatların uğur faizini yüksəldərək xəstələrin daha aktiv həyat sürməsinə şərait yaradır.

Mütəxəssis əlavə edib ki, ehtiyac yarandıqda yalnız diz və bud-çanaq deyil, çiyin, dirsək və ayaq biləyi oynaqları da protezlə əvəz edilə bilər. Xüsusilə ağır travmalar, revmatik xəstəliklər və ya oynaq deformasiyaları zamanı bu cür əməliyyatlar qaçılmaz olur.

Valid Novruzov xəstələrə vaxtında həkimə müraciət etməyi tövsiyə edərək bildirib ki, erkən diaqnostika və düzgün planlaşdırılmış müalicə gələcəkdə daha uğurlu nəticələrin əldə olunmasına imkan verir.


Sizin reklam burada
Sizin reklam burada