Siyəzəndə abadlıq işləri görəcək şirkət bir ayda üç tenderin qalibi olub

Siyəzəndə abadlıq işləri görəcək şirkət bir ayda üç tenderin qalibi olub
14:34
Satınalma müsabiqələrində fəal iştirak edən "VNM İnşaat" şirkəti cari ildə daha bir tenderin qalibi seçilib. 

News365.az -ın məlumatına görə tedner Siyəzən Rayon İcra Hakimiyyəti tərəfindən seçilib. Satınalma predmeti Siyəzən şəhərinin küçə və məhəllələrində görüləcək abadlıq işlərindən ibarətdir. Bu işlərin görülməsi üçün şirkətin qiymət təklifi 330 168,19 manat olub. 

Ötən ay "VNM İnşaat” MMC Yaşıllaşdırma Müəssisələri Baş İstehsalat İdarəsinin Su Quyularının İstismarı və Təmiri Xidmətinin, aprel ayında isə Quba Rayon İcra Hakimiyyəti, Dövlət Ehtiyatları Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin keçirdiyi tenderin qalibi seçilib. Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 1 791 867,86 manat təşkil edib. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin dövlət reyestrində yer alan məlumatlara əsasən, "VNM İnşaat" MMC 13 mart 2023-cü il tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 10 manat təşkil edir. Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, M. Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi 15 olaraq göstərilib. Müəssisənin qanuni təmsilçisi isə Nağıyev Vüqar Məhəmməd oğludur.

Açıq informasiya mənbələrində nə "VNM İnşaat" MMC, nə də onun qanuni təmsilçisi Vüqar Nağıyev barədə ətraflı məlumata rast gəlinmir. Satınalma müsabiqələrində fəal iştirak edən, hətta 1 ayda 3 tenderin qalibi olan bir şirkət haqqında məhdud məlumatların olması müəyyən suallar yaradır. 

Apardığımız araşdırmalara əsasən Vüqar Nağıyev 2024-cü ilə qədər "VNM Servis" MMC və "VNM İnvest" MMC-nin də qanuni təmsilçisi kimi fəaliyyət göstərib. Hər iki şirkət "VNM İnşaat" MMC ilə eyni tarixdə qeydiyyatdan keçib.

Mövcud məlumatlar bu şirkətlər arasında əlaqələrin ola biləcəyini göstərir. Bu baxımdan, "VNM İnşaat" MMC, "VNM Servis" MMC və "VNM İnvest" MMC-nin eyni maraqlar çərçivəsində fəaliyyət göstərdiyini ehtimal etmək mümkündür. 

Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovdur. O, 2019-cu ildən Siyəzənə rəhbrəlik edir. 

Siyəzən Rayon İcra Hakimiyyəti ötən il küçə və məhəllələrdə görüləcək abadlıq işlərinə 520 028,67 xərcləyib. Bu tenderin qalibi "Safari” şirkəti olub. 



Sizin reklam burada
Sizin reklam burada