Paşinyanın qələbəsi Moskvanın planlarını pozdu? - ŞƏRH

Paşinyanın qələbəsi Moskvanın planlarını pozdu? - ŞƏRH
15:42

Politoloq Oqtay Qasımov Ermənistanda keçirilən son parlament seçkilərinin yalnız daxili siyasi proses deyil, həm də Qərblə Rusiya arasında geosiyasi rəqabətin növbəti mərhələsi olduğunu bildirib.

O, News365.az-a açıqlamasında qeyd edib ki, seçkilər Ermənistanın gələcək xarici siyasət kursunun müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyırdı.


"Bu seçkilər əslində Ermənistanın gələcəyi ilə bağlı seçim idi. Seçki prosesində Avropa İttifaqı, ABŞ və NATO ilə Rusiya arasında geosiyasi rəqabəti açıq şəkildə müşahidə etdik. Rusiyanın bütün səylərinə baxmayaraq, onun dəstəklədiyi siyasi qüvvələr Paşinyanı seçkilər yolu ilə hakimiyyətdən uzaqlaşdıra bilmədilər", – deyə politoloq bildirib.

Oqtay Qasımovun sözlərinə görə, Rusiya tərəfi seçkilərin nəticələrinə münasibətdə ehtiyatlı mövqe sərgiləyir:

"Rusiya seçkilərin nəticələrini faktiki olaraq şübhə altına alıb. Bu günə qədər Ermənistan hakimiyyətinə rəsmi təbrik və ya xüsusi mesaj göndərilməyib. Əvəzində, Rusiya mediasında və siyasi dairələrində Ermənistan hakimiyyətinin Qərblə yaxınlaşması tənqid olunur və İrəvana müxtəlif istiqamətlərdə təzyiqlərin artırıldığı müşahidə edilir".

Politoloq qeyd edib ki, Ermənistanın Qərblə inteqrasiyaya yönəlməsi yeni proses deyil və Moskvanın hazırkı sərt reaksiyası müəyyən suallar doğurur:

"Ermənistan parlamentinin Avropa İttifaqı ilə inteqrasiyaya dair qərarı təxminən 15 ay əvvəl qəbul olunub. Həmin dövrdə Rusiya bu məsələyə kifayət qədər təmkinli yanaşmışdı. Eyni zamanda, 2024-cü ilin aprelində Ermənistan, ABŞ və Avropa İttifaqı arasında Brüsseldə keçirilən yüksək səviyyəli görüşə də Moskvanın reaksiyası nisbətən yumşaq olmuşdu. Buna görə də hazırda Rusiyanın daha sərt mövqe nümayiş etdirməsi diqqət çəkir".

Ekspert hesab edir ki, Moskva İrəvandan yaxın gələcəkdə geosiyasi seçim etməsini gözləyir:

"Görünən odur ki, Ermənistanın həm Qərblə, həm də Rusiya ilə paralel münasibətlər yürütməsi əvvəlki qədər asan olmayacaq. Moskva İrəvandan daha konkret mövqe gözləyir və bu da Paşinyan hakimiyyəti üçün arzuolunan vəziyyət deyil. Çünki Paşinyan indiyədək həm Qərblə əməkdaşlığı inkişaf etdirməyə, həm də Rusiya ilə münasibətləri qorumağa çalışıb".

Oqtay Qasımov Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Rusiyaya səfərinə də toxunub:

"Ararat Mirzoyanın Moskvaya səfəri təsadüfi deyil. Xatırlayırsınızsa, Nikol Paşinyan bu ilin aprelində Rusiyaya səfəri zamanı bildirmişdi ki, seçkilərdən sonra ilk xarici səfərlərdən biri məhz Moskvaya olacaq. Bu da Ermənistan rəhbərliyinin Rusiya ilə münasibətləri tamamilə qoparmaq niyyətində olmadığını göstərir", – deyə politoloq vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada