Prezident İlham Əliyevin Şuşada keçirilən IV Qlobal Media Forumundakı çıxışında səsləndirdiyi mesajlar beynəlxalq münasibətlər, xüsusilə də ABŞ-Azərbaycan əlaqələri və regionda formalaşmış yeni geosiyasi reallıqlar baxımından diqqət çəkib. Politoloq Anar Əliyevin fikrincə, dövlət başçısı çıxışında Cənubi Qafqazda yaranmış yeni vəziyyətin beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməsinin vacibliyini xüsusi vurğulayıb.
News365.az-a danışan politoloq Anar Əliyev bildirib ki, Prezident İlham Əliyevin çıxışı kifayət qədər geniş mövzuları əhatə edib və ABŞ-la münasibətlərdən tutmuş Ermənistan-Azərbaycan sülh prosesinədək bir sıra mühüm məsələlərə toxunub.

"Qlobal Media Forumundakı çıxışında Prezident İlham Əliyev ABŞ ilə münasibətlər, Cənubi Qafqazda formalaşmış yeni reallıqlar və bu reallıqların beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməsinin vacibliyi ilə bağlı mühüm mesajlar verdi. Dövlət başçısı NATO Sammiti çərçivəsində keçirilən görüşlərdən, imzalanmış birgə bəyanatdan, eləcə də ABŞ Prezidentinin iştirakı ilə Ermənistan və Azərbaycan arasında sülh sazişi mətninin paraflanması istiqamətində aparılan proseslərdən danışdı.
Prezident eyni zamanda ABŞ Konqresinin Azərbaycana münasibətdə tətbiq etdiyi 907-ci düzəliş məsələsinə də toxundu. Bu düzəliş uzun illərdir ki, tamamilə əsassız və ədalətsiz yanaşmanın nümunəsi olub. Çünki keçmiş SSRİ respublikaları arasında yalnız Azərbaycana belə məhdudiyyətlərin tətbiq edilməsi absurddur.
Azərbaycan işğala məruz qalan tərəf olduğu halda, illərlə əksinə, sanki işğalçı kimi təqdim edilirdi. Ölkəmiz etnik təmizləməyə məruz qaldığı halda, beynəlxalq dairələrdə bunun əksi barədə təsəvvür formalaşdırılmağa çalışılırdı. Ermənistan Azərbaycan ərazilərini işğal etmişdi, ölkəmiz faktiki blokada vəziyyətində idi, lakin bütün bunlara baxmayaraq, ittiham olunan tərəf Azərbaycan olurdu.
2020-ci ildən sonra isə regionda tamamilə yeni reallıqlar yaranıb. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, 907-ci düzəliş artıq öz aktuallığını itirib və mövcud vəziyyətə uyğun gəlmir. İşğal faktoru aradan qalxıb, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib.
Bu gün Azərbaycan ərazisi vasitəsilə Ermənistana üçüncü ölkələrdən yüklər daşınır. Hətta Azərbaycanın istehsal etdiyi bəzi məhsullar Ermənistan bazarında da yer almağa başlayıb. Belə bir şəraitdə əvvəllər Azərbaycana qarşı irəli sürülən iddiaların, o cümlədən etnik təmizləmə ilə bağlı ittihamların heç bir əsası qalmayıb", – deyə politoloq vurğulayıb.