"DxOMark" laboratoriyası 2026-cı ilin iyul ayı üçün ən yaxşı kameraya malik smartfonların reytinqini yeniləyib. Şirkət qiymətləndirmə zamanı kəskinlik, səs-küy səviyyəsi, dinamik diapazon, rəng ötürülməsi və avtofokusun işini ölçən peşəkar "DxOMark Analyzer" sistemindən istifadə edir.
Hazırda reytinqə 175 xalla "Huawei Pura 80 Ultra" başçılıq edir. Smartfon 1 düymlük böyük sensoru, çıxarılan optik sistemi və 10 dəfəyədək optik yaxınlaşdırma imkanı verən iki periskop kamerası sayəsində müxtəlif çəkiliş şəraitində yüksək nəticə göstərir.
İkinci yerdə liderdən cəmi 5 xal geri qalan "Vivo X300 Ultra" qərarlaşıb. Bu modelin əsas üstünlüyü hər biri 200 meqapiksellik iki kamera sensoruna malik olmasıdır. Bundan əlavə, istifadəçilər əlavə teleobyektiv qoşaraq smartfonu demək olar ki, tam funksional kameraya çevirə bilirlər.
İlk üçlüyü isə 170 xalla "Oppo Find X9 Ultra" tamamlayır.

"IPhone 17 Pro" qlobal mobil fotoqrafiya reytinqində yalnız 6-cı yeri tutub. Mütəxəssislər bildiriblər ki, kamera "iPhone 16 Pro" ilə müqayisədə təkmilləşdirilsə də, qapalı məkanlarda və zəif işıqlandırma şəraitində səs-küy səviyyəsi yüksəkdir, həmçinin orta yaxınlaşdırma məsafələrində detalların bir hissəsi itir.
Ekspertlər bazarda ən yaxşı foto imkanlarına malik cihaz axtaran istifadəçilərə "Vivo X200 Ultra", "Oppo Find X9 Pro", "Xiaomi 17 Ultra" və "Honor Magic 8 Pro" modellərinə də diqqət yetirməyi tövsiyə edirlər.
Şayiələrə görə, "Apple" "iPhone 18 Pro" modelində kameraları əhəmiyyətli dərəcədə yeniləməyi planlaşdırır. Əsas yenilik dəyişən diafraqmalı əsas kamera olacaq ki, bu da zəif işıq şəraitində çəkilən fotoların keyfiyyətini nəzərəçarpacaq dərəcədə yaxşılaşdırmalıdır.
Bu arada "Android" istehsalçıları 100 meqapiksellik ön kameraya və 1:1 formatlı kvadrat sensora malik yeni smartfonlar üzərində işləyirlər. Belə həllin "Apple"ın "iPhone" modellərində istifadə etdiyi "Center Stage" funksiyasına rəqib olacağı gözlənilir.