News365.az-ın xəbərinə görə, qapının yerinə quraşdırılan şüşə konstruksiya sökülüb və tarixi qapı yerinə qoyulub.
Bakı Şəhər İcra Hakimiyyəti də məsələ ilə bağlı açıqlama yayıb.Bildirilib ki, Səbail rayonunda yerləşən yerli əhəmiyyətli memarlıq abidəsinə qanunsuz müdaxilə ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq qaydada araşdırma aparılıb.
Araşdırma zamanı sosial şəbəkələrdə yayılan məlumatlar öz təsdiqini tapıb və tarixi memarlıq abidəsinə müdaxilə faktı müəyyən edilib.
Məlumata görə, yoxlamanın nəticələrinə əsasən, qanunsuz dəyişikliklə bağlı obyektin tarixi giriş qapısının əvvəlki vəziyyətinə qaytarılması və binanın ilkin memarlıq görkəminin bərpa edilməsi təmin edilib. Eyni zamanda, sahibkara tarixi və mədəni irs nümunələrinə özbaşına müdaxilənin yolverilməzliyi izah olunub və gələcəkdə bu kimi halların təkrarlanmaması ilə bağlı rəsmi xəbərdarlıq edilib.
“Bakı Şəhər İcra Hakimiyyəti bir daha diqqətə çatdırır ki, tarixi abidələrdə hər hansı təmir, yenidənqurma və ya dəyişiklik işləri müvafiq qanunvericiliyin tələblərinə və aidiyyəti qurumların razılığına uyğun həyata keçirilməlidir”, - BŞİH-in məlumatında deyilir.
***
Bakı şəhərində sökülən tarixi qapının yeri müəyyənləşdirilib və köhnə ünvanına gətirilib.
News365.az-ın xəbərinə görə, hazırda şüşə konstruksiya sökülür və tarixi qapının yenidən quraşdırılması üçün işlər aparılır.
Xatırladaq ki, paytaxtın Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 9 ünvanında yerləşən memarlıq abidəsinin (№ 3426 Siyahıda) tarixi qapısı sökülərək şüşə konstruksiya ilə əvəz edilmişdi.
Daha sonra isə şüşə qapı üzərinə əvvəlki taxta qapının təsviri olan yapışqanlı örtük vurulmuşdu.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti faktı təsdiq etmiş və Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən sözügedən yerli əhəmiyyətli memarlıq abidəsinə baxış keçirilərkən binanın birinci mərtəbəsində qanunsuz müdaxiləyə yol verildiyi, giriş qapısının sökülərək şüşə konstruksiya ilə əvəz edildiyinin aşkarlandığını bildirmişdi.
Qeyd edək ki, abidələr reyestrində sözügedən bina 1896-cı ilə aid "Yaşayış evi" kimi qeydə alınıb.