Bir yurdun yaddaşı, bir xalqın qüruru – Kəlbəcər

Bir yurdun yaddaşı, bir xalqın qüruru – Kəlbəcər
12:24

Bəzi şəhərlər var ki, onların tarixi yalnız daşlara, qayalara, qədim tikililərə həkk olunmayıb. Bu şəhərlərin tarixi xalqın yaddaşında, taleyində, mübarizəsində və gələcəyə olan inamında yaşayır. Kəlbəcər də belə məkanlardandır. Uca dağların əhatəsində qərar tutan, təbiətin əsrarəngiz gözəlliyi ilə tarixin dərin izlərini özündə birləşdirən bu qədim yurd Azərbaycanın milli-mənəvi irsinin, dövlətçilik tarixinin və qəhrəmanlıq salnaməsinin mühüm səhifələrindən biridir. 25 noyabr Azərbaycan xalqı üçün yalnız bir şəhərin azadlığa qovuşduğu tarix deyil. Bu gün tarixi ədalətin bərpasının, milli iradənin təntənəsinin və doğma torpaqlara qayıdışın rəmzidir. 

Kəlbəcərin tarixi minilliklərin o tayından başlayır. Toponimin mənşəyi ilə bağlı geniş yayılmış izahlardan birinə görə, “Kəlbəcər” sözü qədim türk dilində “çay üstündə qala” mənasını ifadə edir. Bu adın özü də ərazinin coğrafi mövqeyi və qədim yaşayış ənənələri ilə bağlı maraqlı tarixi məna daşıyır. Tərtər çayının sahillərində, qayalıqların qoynunda yerləşən qədim süni mağaralar, 30 min ildən artıq tarixə malik yaşayış məskənləri, təxminən 6 min il yaşı olan qayaüstü təsvirlər bu ərazinin insan məskunlaşmasının ən qədim mərkəzlərindən biri olduğunu göstərir. Burada aşkar edilmiş qədim türk əlifbası nümunələri, daş abidələr və müxtəlif dövrlərə aid maddi-mədəniyyət nümunələri Kəlbəcərin zəngin tarixi irsinin mühüm sübutlarıdır. Kəlbəcərin abidələrində müxtəlif tarixi mərhələlərin izləri qorunub. Erkən türk mədəniyyəti, atəşpərəstlik, xristianlıq və VII əsrdən etibarən İslam mədəniyyəti bu torpağın tarixi-mədəni mənzərəsində özünəməxsus izlər buraxıb. Xudavəng monastır kompleksi və digər tarixi abidələr isə bölgənin çoxqatlı tarixini əks etdirən mühüm mədəni irs nümunələridir. Azərbaycanın ən yüksək dağ rayonu olan Kəlbəcər həm də təbiətinin möhtəşəmliyi ilə seçilir. Camışdağda yerləşən 3724 metrlik zirvə və 3616 metr hündürlüyündəki Dəlidağ bu ərazinin əzəmətini nümayiş etdirir. Meşələri, dağ çəmənlikləri, mineral su mənbələri, çayları və zəngin təbii ehtiyatları Kəlbəcəri ölkəmizin ən qiymətli bölgələrindən birinə çevirir. 

1930-cu ildə inzibati rayon statusu alan Kəlbəcər işğala qədər 3054 kvadratkilometr əraziyə, 1 şəhərə, 1 qəsəbəyə və 145 kəndə malik idi. İşğal ərəfəsində rayonun əhalisi 53 478 nəfər təşkil edirdi. Bu torpaqda həyat öz axarı ilə davam edir, insanlar qurub-yaradır, təsərrüfatla məşğul olur, gələcəyə ümidlə baxırdılar. Lakin 1993-cü il aprelin 2-də Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi rayonun taleyində faciəli bir səhifə açdı. İşğal nəticəsində 511 dinc sakin öldürüldü, 321 nəfər əsir götürüldü və itkin düşdü. Minlərlə insan doğma ev-eşiyindən didərgin salındı. Kəlbəcərlilər Azərbaycanın 56 rayonunda 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldular. İşğal yalnız insanların doğma torpaqlarından ayrılması ilə nəticələnmədi. Rayonun tarixi-mədəni irsinə, sosial infrastrukturuna, iqtisadi potensialına da ağır zərbə vuruldu. Məktəblər, xəstəxanalar, kitabxanalar, mədəniyyət evləri, muzeylər, yaşayış binaları və digər obyektlər dağıdıldı, talan edildi. Əsrlər boyu qorunub saxlanılan maddi-mədəniyyət nümunələri təhlükə altına düşdü. Beynəlxalq hüququn tələblərinə baxmayaraq, bu işğal uzun illər davam etdi. BMT Təhlükəsizlik Şurasının 1993-cü il aprelin 30-da qəbul etdiyi 822 saylı qətnamə işğalçı qüvvələrin Kəlbəcərdən və Azərbaycanın digər işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edirdi. Lakin qətnamənin tələbləri uzun müddət yerinə yetirilmədi. Üstəlik, 1999-cu ildən etibarən Kəlbəcərdə qeyri-qanuni məskunlaşdırma siyasətinin həyata keçirilməsi bölgənin demoqrafik və tarixi mənzərəsinə müdaxilə cəhdi idi. Bütün bunlara baxmayaraq, Kəlbəcər xalqımızın yaddaşından silinmədi. Məcburi köçkünlük illərində bu yurdun həsrəti nəsildən-nəslə ötürüldü. Kəlbəcərli hər bir ailə üçün doğma torpağa qayıdış arzusu milli kimliyin və mənəvi bağlılığın ayrılmaz hissəsinə çevrildi. 

Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində uzun illər aparılan siyasi və diplomatik fəaliyyət, güclü ordu quruculuğu və qətiyyətli dövlət siyasəti 2020-ci ildə tarixi nəticə ilə yekunlaşdı. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu döyüş meydanında misilsiz qəhrəmanlıq nümayiş etdirdi. Kəlbəcərin şimal hissəsində strateji yüksəkliklərin nəzarətə götürülməsi Ermənistan silahlı qüvvələrinin hərəkət imkanlarını ciddi şəkildə məhdudlaşdırdı. Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu yüksəkliklərin tutulması Basarkeçər-Kəlbəcər istiqamətində düşmənin hərəkətlərini faktiki olaraq iflic vəziyyətinə salmışdı. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verildi. Beləliklə, Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad olundu. Bu hadisə hərbi uğur olmaqla yanaşı, Azərbaycanın siyasi iradəsinin, diplomatik fəaliyyətinin və strateji planlaşdırmasının uğurlu nəticəsi idi. Kəlbəcərin boşaldılması zamanı yaşayış evlərinin və digər mülki obyektlərin yandırılması, təbiətə və infrastruktura ziyan vurulması isə işğal dövrünün ağır mənəvi və maddi nəticələrini bir daha üzə çıxardı. Doğma yurdunu tərk edən insanların arxada yandırılmış evlər, dağıdılmış bağlar qoyması Kəlbəcərin yaşadığı faciənin acı mənzərələrindən biri kimi tarixə düşdü. Zəfərimizin rəmzlərindən biri olaraq 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi. İşğaldan azad olunması uğrunda döyüşlərdə igidlik və şücaət göstərmiş 9455 hərbi qulluqçunun bu medalla təltif edilməsi Kəlbəcər uğrunda mübarizənin qəhrəmanlıq salnaməsinə çevrildi. 

Kəlbəcərin azad olunması ilə yeni bir mərhələ – bərpa və yenidənqurma dövrü başladı. Azərbaycan dövləti bu bölgənin dirçəldilməsi, infrastrukturunun yenilənməsi, sosial-iqtisadi potensialının reallaşdırılması və əhalinin doğma torpaqlara qayıdışının təmin edilməsi istiqamətində genişmiqyaslı layihələr həyata keçirir. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu bu layihələrin ən mühüm nümunələrindəndir. Uzunluğu 82 kilometr olan yolun tikintisi dağlıq relyefin mürəkkəbliyinə uyğun mühəndis həlləri əsasında aparılır. Ümumi uzunluğu 25,9 kilometr olan beş tunelin inşası nəqliyyat əlaqələrinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına xidmət edir. Uzunluğu 11,7 kilometr olan Murovdağ tuneli isə layihənin ən mühüm mühəndis qurğularından biridir. Bölgənin enerji potensialının bərpası da xüsusi əhəmiyyət daşıyır. Kəlbəcərdə bir sıra kiçik su elektrik stansiyaları yenidən qurulub, yeni stansiyalar tikilib. Bu layihələr rayonun enerji təminatına töhfə verməklə yanaşı, yerli su ehtiyatlarından səmərəli və ekoloji baxımdan dayanıqlı istifadə imkanlarını genişləndirir. İqtisadi dirçəlişin mühüm istiqamətlərindən biri də “İstisu” brendinin yenidən həyata qaytarılmasıdır. 2024-cü ildə açılışı olan “İstisu” mineral su zavodunun illik istehsal gücü 100 milyondan artıq şüşə butulkadır. Eyni zamanda, burada müasir müalicə və istirahət kompleksinin yaradılması nəzərdə tutulur. Bu layihələr Kəlbəcərin gələcəkdə ölkənin mühüm turizm və sağlamlıq mərkəzlərindən birinə çevrilməsi üçün geniş imkanlar açır. 

Kəlbəcərin yenidən qurulması yalnız yolların, binaların və infrastrukturun inşası demək deyil. Ən böyük məqsəd bu torpağa həyatı qaytarmaq, insanların doğma yurdlarında təhlükəsiz və layiqli yaşayışını təmin etməkdir. Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı bu məqsədə xidmət edən strateji sənəddir. Plana əsasən, şəhərin ərazisinin təxminən 130 hektardan 290 hektara, əhalisinin isə 17 min nəfərə çatdırılması nəzərdə tutulur. Müasir yaşayış binaları, məktəblər, uşaq bağçaları, xəstəxanalar, muzeylər, idman və istirahət məkanları, geniş yaşıllıq sahələri yeni şəhər mühitinin əsasını təşkil edəcək. Şəhərdə 524 ailəlik yaşayış məhəlləsinin yaradılması, Yanşaq, Zallar və Zar kəndlərinin yenidən qurulması Böyük Qayıdışın miqyasını göstərir. 2025-ci il avqustun 21-də Prezident İlham Əliyevin Kəlbəcərə səfəri zamanı şəhərə köçmüş ailələrə mənzillərin açarlarının təqdim edilməsi bu prosesin mühüm hadisələrindən biri oldu. 

Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 25 noyabrın Kəlbəcər şəhəri günü kimi müəyyən edilməsi isə bu tarixi hadisənin dövlət səviyyəsində əbədiləşdirilməsidir. Bu gün Kəlbəcər öz qədim tarixindən aldığı gücü Zəfərdən doğan yeni inkişaf mərhələsinə daşıyır. Onun dağları yenidən həyatın, quruculuğun və qayıdışın şahidinə çevrilir. Bir zamanlar ayrılıq və həsrət rəmzi olan Kəlbəcər bu gün milli qürurun, dövlət qüdrətinin və gələcəyə inamın ünvanıdır.

Kəlbəcər azad edildi, Kəlbəcər dirçəlir, Kəlbəcər öz sakinlərinə qovuşur. 25 noyabr isə bu böyük tarixi yolun Zəfər möhürüdür.

 

Kamal Paşa-zadə

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin

violonçel ixtisası üzrə müəllimi,

Azərbaycan Respublikasının Əməkdar müəllimi


Sizin reklam burada
Sizin reklam burada